Bu mövzuda layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında "Azadlıq Hərakatçıları" İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında, 2013-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın həyata keçməsinə vətəndaş cəmiyyətinin dəstəyini reallaşdırmaq məqsədilə həyata keçirdiyi "Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili" layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransı giriş sözü ilə açan ADPU-nu filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov həyata keçirilən layihənin aktuallığı, cəmiyyət üçün əhəmiyyəti, reklam bazarında Azərbaycan Respublikasının dövlət dili ilə bağlı kifayət qədər narahatlıq doğuran qüsurların mövcudluğu barədə fikirlərini konfrans iştrakçıları ilə bölüşdü. Sonra layihənin yekunları əsasında hazırlanmış "Dilimiz reklamlarda" sənədli filmi nümayiş etdirildi. Filmin nümayişindən sonra "Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili" layihəsinin yekunları ilə bağlı məruzə ilə çıxış edən layihənin rəhbəri, "Azadlıq Hərakatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov bu gün cəmiyyəti, xüsusilə, ziyalıları narahat edən bu mühüm problemlə bağlı layihənin reallaşmasına dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında AMEA-nın 90 illik yubileyindəki çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı cəmiyyətə verdiyi mesajı xatırladaraq, yerli icra orqanlarının bu sahəyə münasibətlərinin qənaətbəxş olmadığını vurğulamaqla, məsul şəxsləri ölkə başçısının nitqindəki dəyərli tövsiyələri nəzərə almağa çağırdı. Konfransda çıxış edən AMEA-nın Dilçilik İnstutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, tanınmış diktorlar, Respublikanın xalq artistləri Ofelya Sənani, Eldost Bayram, Azərbaycan Respublikasının əməkdar artisti Əbdül Mahmudbəyli,Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, şair Oqtay Rza, QHT sədrləri, tanınmış jurnalist Azər Həsrət, Əkrəm Bəydəmirli,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Vüsalə Süleymanova və başqaları reklam bazarında yol verilən Azərbaycan ədəbi dil qüsurları ilə bağlı fikirlərini konfrans iştrakçıları ilə bölüşərək, bu mühüm məsələyə bütün cəmiyyətin, xüsusən də, ziyalıların diqqətlə yanaşmalarının vacibliyini bildirdilər.
Tədbirdə ADPU-nun filologiya fakültəsinin tələbələri ana dilinə həsr olunmuş şeirlərlə konfransa rəngarənglik bəxş etdilər.
NƏZAKƏT