Azərbaycan dövlətinin yürütdüyü siyasətin tərkib hissələrindən biri də, məhz aztəminatlı ailələrin həyat səviyyələrinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə hesablanıb. Sirr deyil ki, Prezident İlham Əliyevin sözügedən istiqamətdə atdığı qətiyyətli addımları özündə bir sıra əhəmiyyətli məqamları ehtiva edir. Ümumiyyətlə, Azərbaycan dövlətinin ötən illər ərzində aztəminatlı ailələr üçün nəzərdə tutulan çoxsaylı layihələri reallaşdırılıb ki, həmin layihələrin uğurlu icrası nəticəsində, belə ailələrin sosial-rifah hallarında müsbət dəyişikliklər yaranıb. Güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi istiqamətində aparılan işlər, o cümlədən, digər müvafiq addımlar da bu cür qənaətə gəlməyə əsas verir.
Bu siyasətin əsas istiqamətlərindən biri imkansız ailələrə davamlı yardımların göstərilməsidir
Sözügedən istiqamətdə aparılan işlər istər paytaxtda, istərsə də bölgələrdə reallaşdırılmaqdadır. Daha dıqiq desək, bu siyasətin əsas istiqamətlərindən biri imkansız ailələrə yardımdan daha çox, kənd təsərrüfatı və sahibkarlıqla məşğul olmalarına geniş şərait yaratmaq yolu ilə onların gəlir əldə etmələrini stimullaşdırmaqdan ibarətdir. Əsas məqsəd imkansız ailələrin şəxsi təsərrüfatlarını, sosial-məişət həyatlarını inkişaf etdirmək, onların tədricən yoxsulluqdan sahibkarlığa və s. yaşam üçün mühüm olan sahələrə doğru irəliləyişinə nail olmaqdır. Həmçinin, bu siyasətə əsasən, ünvanlı sosial yardımların verilməsini və s. faktorları da göstərmək mümkündür.
Radikal müxalifət düşərgəsinə məxsus qondarma "liderlər" dərhal bu qərar ətrafında təxribatçılıq çağırışları etməyə cəhdlər göstərdilər
Bu arada, Tarif Şurasının elektrik enerjisi və təbii qazın qiymətlərində müəyyən dəyişikliklər etməsi bəzi dairələrdə anlamsız qarşılandı və xüsusilə, dağıdıcı müxalifət düşərgəsinə məxsus qondarma "liderlər" dərhal bu qərar ətrafında təxribatçılıq çağırışları etməyə cəhdlər göstərdilər. Halbuki Tarif Şurasının məlum qərarını bəlkə də sona qədər oxumayıb süni səs-küy yaradanlar, bundan şəxsi siyasi məqsədləri və dividendləri üçün sui-istifadə edənlər ortada olan əsas məqsəddən tamamilə xəbərsiz olublar. Tarif Şurasının əsas məqsədi barədə isə qurumun rəsmi bəyanatında hər şey tam və anlamlı şəkildə qeyd olunub. Ona görə də, bu məsələyə yenidən varmağa ehtiyac qalmır.
Nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir
Bu gün həmin siyasətbazların, "çörəyin qiyməti 79 qəpik oldu", "metroda gediş haqqı 80 qəpik olacaq" deyə ölkədaxili stabilliyi pozmağa çalışanların cavabı tam və qətiyyətlə verilib. Belə ki, maliyyə naziri Samir Şərifov 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə differensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib və bununla əlaqədar, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir.
Prezident İlham Əliyevin tapşırığı ilə gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.
Artq bu fikirlərin irəli sürülməsi, bir daha təsdiq edir ki, Azərbaycan dövləti və dövlət başçısı İlham Əliyev sözügedən məsələdə bir daha xalqın yanında olduğunu və xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılacağı mesajını verib. Bu baxımdan, bir sıra xarici qaranlıq dairələrin təlimatları ilə oturub-duran siyasətbazlar heç də narahat olmasınlar. Onların bu planları da artıq alt-üst oldu. Azərbaycan dövləti və xalqının vahidliyi, sarsılmazlığı belə dairələrin çirkin niyyətlərini alt-üst etdi.
Rövşən NURƏDDİNOĞLU