Bayram və adətlərimiz
Dünyada baş verən xoşagəlməz siyasi proseslər, xüsusən də, son vaxtlarda islam dünyasında yaşanan müharibələr bəşər insanını bir daha yenidən ali dəyərlər üzərində düşünməyə vadar edir. Azərbaycan tolerant, multikultural bir ölkə olaraq bu proseslərə səssiz qalmır, müharibəni pisləyir. Ölkəmizdə müxtəlif dini icmalara məxsus insanların öz ibadətlərini, dini bayramlarını keçirməkdə heç bir problem yaşamamaları dünya mətbuatının və gündəminin də diqqətindən kənarda qalmır.
Klassik şairlərin əsərlərində multikulturalizm
Azərbaycandakı mövcud tolerantlığın kökü qədim dövrlərə söykənir. Orta əsrlər Azərbaycan cəmiyyətində multikultural və tolerant mühitin formalaşmasında böyük rolu olan böyük şəxsiyyətlərdən biri Əfzələddin Xaqani Şirvanidir. Onun yaradıcılığı yüksək bədii sənətkarlığı ilə yanaşı, multikultural ideyaların bolluğu ilə fərqlənir. Xaqaninin yaradıcılığında dinlərə, xüsusilə də, səmavi xoşməramlı münasibətə rast gəlinir. Xaqaninin anası xristian (nəsrani) qızı olub, sonradan müsəlmançılığı qəbul etmişdir.
Dahi şair Nizami Gəncəvinin yaradıcılığında da multikulturalizm və tolerantlığa rast gəlinir. Şairin bir çox əsərlərinin baş qəhrəmanları digər inanc sahibləri olub və başqa xalqın nümayəndələridir. "Xosrov və Şirin" poemasında Xosrov atəşpərəst, Şirin isə xristian əsillidir. N.Gəncəvi "Yeddi gözəl" poemasında dünyanın yeddi iqlimdən və yeddi xalqın nümayəndəsindən ibarət yeddi şahzadə gözəlin təsvirini vermişdir.
Azərbaycanda əhalinin 90 faizdən çoxunu təşkil edən azərbaycanlılarla - Azərbaycan türkləri ilə yanaşı, talışlar, ləzgilər, ingiloylar, avarlar, saxurlar, yəhudilər, tatarlar, udilər, xınalıqlılar, qrızlar, buduqlar, tatlar, ruslar, yəhudilər, kürdlər kimi milli və etnik azlıqlar əsrlər boyu yanaşı yaşamışdır. Azsaylı xalqların folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.
Azsaylı xalqların milli bayram və adətləri
Azərbaycanda yaşayan azsaylı xalqların milli bayramlarının keçirilməsi, onların təşkili işinə xüsusi diqqət ayrılmışdır. Müsəlmanların, yəhudilərin, xristianların və digər təriqət və məzhəb sahiblərinin də dini bayramları hörmətlə anılmışdır. Hər bir xalqın da özünün ənənəvi dini və milli bayramları folklor örnəkləri var.
Azərbaycanın, əsasən, Quba, Xızı və Xaçmaz rayonlarında və bəzi Bakı kəndlərində yaşayan azsaylı xalqlardan biri tatlardır. Tatların da özünəməxsus bayram adətləri də vardır. Tatlar da bizim kimi Ramazan bayramını keçirsələr də, bayramın digər özəllikləri də vardır. Bayram günündə yuxudan durarkən tatlar ailə üzvləri ilə görüşüb və bir-birilərini təbrik edirlər. Daha sonra evlərdə qırmızı yumurta boyayırlar. Kişilər uşaqlara qırmızı rəngə boyanmış yumurtalar paylayırlar. Artıq gün çıxanda tatlar xonça düzəldib kəndin mollasının evinə gedirlər və bayramlaşırlar. Oradan da qəbir üstünə ziyarətə gedirlər.
Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan azsaylı xalqlardan biri də Ahıska türkləridir. Respublikanın müxtəlif regionlarında məskunlaşan Ahıska türkləri mədəniyyətə daha çox xüsusi fikir verirlər. Onlar da digər azsaylı xalqlar kimi "Ramazan", "Qurban" bayramlarını da qeyd edirlər. Ramazanda insanlar bir yerə toplaşaraq bayram iftarını açır, namaz qılır və dualar edirlər. Adətə görə, kənd adamları fitnə pulunu yığıb əli iş tutmayanlara, kimsəsiz uşaqlara və möminlərə verirlər. Camaat ən yaxşı libaslarını geyinib ev-ev gəzərək, bir-birilərini təbrik edirlər.
Ahıska türkləri yeni ili də qeyd edirlər. Adətə görə, evə ilk girən adamı dənli bitkinin üstündə oturtdurarlar ki, il bərəkətli keçsin
Qafqaz xalqlarından biri, Dağıstan və Azərbaycanda yaşayan ləzgilər, əsasən, Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonlarında yaşayırlar. Ləzgilər Azərbaycan əhalisinin 2,2 faizini təşkil edir. Ləzgilər Azərbaycanda özünəməxsus mədəniyyət nümunəsi yaradan xalqlardan biridir. Ləzgilərin böyük coşqu və təntənə ilə keçirdiyi bayramlardan biri "Yaran Suvar" bayramıdır. Bahar bayramına ləzgilər "Yaran Suvar" deyirlər. Ləzgicə "yar" bahar, "suvar" isə bayram deməkdir. "Yar" sözünün ikinci mənası "qırmızı" deməkdir. Qədim vaxtlarda ləzgilərin bayram süfrəsi qırmızı rəngdə olarmış. "Yar" ləzgilərin qədim kənd təsərrüfatı təqviminin bir ayıdır, martın 21-dən aprelin 4-dək davam edir. Ləzgilərin qədim adətlərindən biri olan, könüllü iməcilik mənasını verən "mel"in ən əhəmiyyətlisi bahar bayramı ərəfəsində keçirilir. Burada, əsasən, ev-eşik təmizlənir, xalça-palaz çırpılır, tarlalar çör-çöpdən, alaqdan təmizlənir. Bahar bayramında "mel" vaxtı yetkin qızların hər işinə göz qoyarlar və gəlin bəyənərdilər:
Ləzgilərdə "Vastrakar" adlı xalq bayramı da keçirilərdi. Bayramın mahiyyəti Aya və Günəşə müraciətlər olunar və təriflər deyilərdi. Martın 21-dən 22-nə keçən gecə hamı şamlarla birlikdə evlərinin qarşısına çıxır. Şamlar il boyu yığılmış köhnə paltarlardan hazırlanardı və yanıb qurtarana qədər əllərində saxlayardılar. Belə bir inanc var ki, ailənin illik güzəranı onun açdığı süfrədən bilinir. Ona görə də hamı çalışır ki, süfrəsi zəngin olsun. Bayramda adətdəndir ki, evlərdə plov bişirilir. Qazanın ilk ağzı açılanda ilk boşqaba çəkilən plovu kənddə xəstə yatan kimsəsiz və köməksiz adama göndərilərdi.
Novruz bayramı isə digər xalqlar kimi ləzgilərdə də yaşamaqdadır. Ləzgilər qurşaq atmır, gizlənmir. Onlar torbalarını götürüb qonşuları gəzir, onlarda söhbətlər edirlər. Sonra torbaya pay qoyulur. Bütün canlılar yumurtadan yarandığı üçün ən yaxşı pay yumurta sayılır.
Ləzgilərdə qədim Çiçək bayramı da vardır. Bayram, əsasən, kənd yerlərində böyük şadyanalıqla qeyd olunur.
Yəhudi xalqının yeni ili - Roş-ha-şana
Hər bir xalqın özünəməxsus tarixi, dini bayramları var. Yəhudi xalqına məxsus çox sayda bayramlar mövcuddur. Onlardan biri yəhudilərin qeyd etdikləri yeni il - Roş-ha-şanadır. Bu bayramda yəhudilər evlərində şam yandırırlar və ailə süfrə arxasına keçir. Bayram hər il fərqli təqvimdə qeyd olunur, yəni ay təqviminə görə, Roş-ha-şananın qeyd olunmasında 18 gün fərq müşahidə olunur. Təbii ki, hər il bayramın başlandığı saat da təqvimə görə dəyişir. Yəhudi ailələri bayramda bir neçə əməllərə riayət etməlidirlər. Onlardan biri balıq başıdır. Süfrəyə pullu balığın başını qoyurlar. Balıq hər zaman irəliyə can atan, irəlidə olmaq istəyən canlıdır. Ona görə də yəhudilər buna işarə olaraq süfrələrində balıq başı qoyurlar.
Daha bir özəllik isə süfrədə bal və almanın olmasıdır. Almanı bala batırıb dişləmək lazımdır. Deyilənə görə, təzə il bal kimi keçsin deyə edirlər. Növbəti özəlliklərdən biri də süfrəyə narın qoyulmasıdır. Nar burada yəhudi xalqının artımına işarədir və Allah qarşısında narın dənələri qədər savab işlərinin sayının çox olmasını arzulayırlar.
Roş-ha-şanada ailə üzvlərinin sayı qədər toyuq və xoruz kəsirlər. Toyuq evdəki qadınların sayı qədər, xoruz isə evdə olan kişilərin sayı qədər kəsilir və daha sonra qohuma, dosta paylanılır.
Təqvimlə bağlı adət və ənənələr ruslarda Yeni illə günəşin qış gündönümü ilə bağlıdır. Buna "günəşin oyanması" deyilir. 25 dekabrdan 6 yanvara kimi qeyd edilən mərasim bayramı Hz. İsanın doğum günü kimi qeyd edilir. (25 dekabr doğum günü - 6 yanvar xaç suyuna salınma).
Qədim dövrə aid olan bayramlardan biri də "Maslenitsa" bayramı idi. Məqsəd qışı uzaqlaşdırıb, yazı qarşılamaq idi. Maslenitsanı qardan, samandan və əskidən düzəldərək onu qadın müqəvvasına bənzədərdilər. Daha sonra onu dövrəyə alıb, qartopu vuraraq kəndə gətirirdilər. Tonqal qalayaraq orada yandırırdılar. Beləcə, yazı qarşılamış olurdular. Belə mərasim bayramların yekununda isə pasxa qeyd olunurdu. Pasxa 1 həftə davam edir. Bu vaxt ərzində insanlar bir-birinə qonaq gedirlər, nişan, toy edərlər və s. Adət halını almış belə bayramların tarixi olduqca qədimdir.
İngiloyların "Qorqud"u, udilərin "Joğulin asxibay"ı
İngiloylar Azərbaycanın, əsasən, Qax və Zaqatala regionlarında yaşayırlar. Bu qrupa müsəlmanlar və xristianlar daxildir. İngiloylar öz aralarında gürcü dilində danışırlar. İngiloyların da dini mərasim və bayram adət - ənənələri var. Bayramlardan biri Novruz bayramıdır. İngiloylar Novruza "Qorqud" bayramı deyirlər. Bu bayramda da atribut və ənənələr, milli yeməklər öz əksini tapır. Hər stolda ingiloyların özünəməxsus günəşi xatırladan maxara qoyulur. "Maxara" - undan hazırlanmış şirniyyat növüdür. Yazın gəlişi və bolluq rəmzi olan, hər ailəyə çatacaq qədər hədik bişirilir. "Hədik" - döyülmüş buğdadan və qaynadılmış ətin (dana-qoyun) suyundan hazırlanır. Beləliklə, bayram milli rəqslərlə, kəndirbaz və pəhləvanların nümayişi ilə gün ərzində davam edir.
Udilər Qafqazın ən qədim sakinlərindəndir. Azərbaycanda Qəbələdə Nic kəndində və qismən də Oğuz rayonunda məskunlaşıblar. Günəşə və Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristian dinini qəbul edib və bu günə kimi dini qoruyub saxlayıblar. Udilərin də keçirdikləri dini mərasimləri və bayram adətləri vardır. Onlardan biri "Joğulin asxibay" adlı bayramdır. Bu bayram mart ayının ortalarında keçirilərdi. Bayramın əsas əlamətlərindən olan "hərsə" hər evdə bişirilməli idi. Yumurtanı qırmızı rəngə boyayardılar. Uşaqlar qapı-qapı gəzib ev sakinlərindən pay umardılar. Həyətlərdən Novruzgülü yığardılar. Yazın gəlişini bəyan etmək üçün mahnı da oxuyardılar.
Respublikada yaşayan azsaylı xalqların nümayəndələrindən biri də tatarlardır. Tatarlar ən çox Bakının Suraxanı rayonunda məskunlaşıblar. Tatarların məşhur olan bayramlarından biri "Sabantuy" bayramıdır. Artıq bu bayram Tatarıstanda milliləşib. Qədim türk kökünə dayanan tatarların milli bayramı xeyir-bərəkət üzərində qurulub. Bayramı bütün dünya tatarları qeyd edir. Tatar dilində "saban" ot, "tuy" isə toy deməkdir. Mənası əkin-biçin deməkdir. Bayram iyun ayında əkindən sonra biçimdən əvvəl keçirilir. "Sabantuy"un bizim milli bayramımız Novruz bayramına oxşarlığı da vardır.
Azərbaycanda tarixən müxtəlif xalqlar sülh və əmin-amanlıq şəraitində, dostluq və mehribanlıq prinsiplərinə əsaslanan həyat tərzi sürüblər. Xalqların mənəvi sərvətləri, dilləri, ailə-məişət və başqa bu kimi xüsusiyyətləri qorunur və mühafizə olunur. Xalqların dostluq şəraitində yaşaması, bir-birilərinin dilinə, dininə, milliyyətinə hörmət etməsi onları birləşdirən ümumi dəyərlərindən, multikulturalizmdən irəli gəlir.
Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi: "Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır".
Cabir Məmmədov,
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür