PDF Oxu

Sosial

  • 156

DQİDK reyd keçirdi

DQİDK reyd keçirdi

Qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması müəyyənləşdirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə, mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada daha bir reyd keçirib. Monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Baxış keçirilən mağazaların hər birinin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb. Bununla yanaşı, reyd zamanı, ümumilikdə içərisində müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 433 dini təyinatlı ədəbiyyat müəyyən edilərək, hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib və aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

X X X

"Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik"

Kürdəmirdə DQİDK-nın regional konfrans keçirildi

Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 23-də "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, habelə, ictimaiyyət fəalları və gənclər iştirak ediblər.

Regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filminin nümayişi ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbiri açaraq Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi ilə əlaqədar görülən işlərdən, bu sahədə qarşıda duran vəzifələrdən danışıb. İcra hakimiyyətinin başçısı respublikamızda tarixən müxtəlif millətlərin nümayəndələrinin birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşdıqlarını vurğulayıb.

Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. M.Qurbanlı diqqəti "Fitnə" sənədli filmindəki faciəli səhnələrə cəlb edərək bildirib ki, aldadılaraq Suriyaya aparılan və orada həlak olan gəncin atasının keçirdiyi hisslər, terrorçuların təsiri altına düşən və həbsxanada yatan gənclərimizin peşmançılığı bu gün dini radikalizmin, islam dinindən öz siyasi məqsədləri üçün istifadə edən qüvvələrin törətdikləri fitnə-fəsadların nəticəsidir. Bu faciə radikalizmə qarşı hamılıqla mübarizənin zəruriliyini ortaya qoyur. Unutmaq olmaz ki, dini radikalizm dindən uzaqlaşmaqdır, islamı parçalamaq məqsədi daşıyır.

Qeyd olunub ki, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri müvafiq qanunlarla tənzimlənir. Ali hüquqi qüvvəyə malik konstitusiyamızda beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Füzuli Cəfərov mövcud təhlükələrin ölkəyə yol tapmaması, multikultural və tolerant dəyərlərin qorunub saxlanılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən ayrı-ayrı təhsil müəssisələrində, kollektivlərdə konfransların, seminarların, təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Rövşən Nurəddinoğlu

Digər xəbərlər