Dünən Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə "Sirlər xəzinəsi" layihəsinə start verilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlayıb. O, bu məclisin fizulişünas, poeziyasevər və musiqisevərlər üçün bir töhfə olduğunu vurğulayıb. Dahi Füzulinin yaradıcılığından söhbət açan direktor sözü layihənin həmmüəlliflərindən biri Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynova verib.
Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə klassik ədəbiyyatımızın görkəmli tədqiqatçıları akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Gülşən Əliyeva, Pedaqoji Universitetin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdiri, professor Ənvər Əhməd və digər füzulişünas alimlərin çıxışları dinlənilib, əməkdar artist Azad Şükürovun ifasında Füzuli şeirləri səsləndirilib. Əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Qəzənfər Abbasov, Feyruz Səxavət, Ehtiram Hüseynov və Hüseyn Məlikovun ifasında şairin qəzəlləri oxunub.
Füzulinin zəngin yaradıcılığını özündə əks etdirən kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
ZÜMRÜD