3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Suraxanı rayon icra hakimiyyətinin və Suraxanı rayon dövlət-sosial müdafiə fondunun birgə təşkilatçılığı ilə əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər rayon sakininin iştirakı ilə "Halal Süfrə" restoranında tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıb: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışından sonra imzalanan ilk fərmanlarında biri "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman olub. Bu Fərmanla müharibə iştirakçılarının və əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilib."
A.Həsənova qeyd edib ki, dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi, onların müalicəsi, reabilitasiyası, sosial təminatı istiqamətində mühüm addımlar atılır: "Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Heydər Əliyev Fondu Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək, ən müasir avadanlıqlarla təchiz edib. Bu gün mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər".
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev çıxış edərək bildirib ki, Bakıda və bölgələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım sürətinin qarşısı alınıb.
Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayonun Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi kollektivinin üzvləri rəngarəng proqramla çıxış ediblər.
Zümrüd BAYRAMOVA