PDF Oxu

Sosial

  • 2 368

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan bir çox millətlərin, müxtəlif dinlərin nümayəndələrinin dinc, əmin-amanlıq şəraitində yaşadığı ölkə kimi digər ölkələrə nümunə etalonudur

Sirr deyil ki, artıq əsrlər boyu Azərbaycan xalqının dini bə milli dəyərlərinə söykənən tolerantlıq faktoru dünyaya bir örnək, bir nümunədir. Belə ki, ta qədimlərdən müasir dövrümüzədək ölkəmiz çoxmillətli, çoxdinli bir ölkə olaraq həm də bu cəhətdən özünü ən mükəmməl şəkildə tanıdıb. Ən azından, Azərbaycanın mövcud olduğu regiondakı mövqeyi, qonşuluq münasibətləri, həmçinin, sözügedən istiqamətdə sərgilədiyi üstün cəhətləri burada dini və milli tolerantlığın, millətlərarası münasibətlərin ali məfhumlara əsaslandığını təsdiq etməkdədir. Beləliklə, qərinə və yüzilliklərin bir-birini əvəz etməsinə baxmayaraq, Azərbaycan xalqı hər zaman humanist mövqeyində qalmaqla bu amili bir ənənəyə çevirib. Məhz bu baxımdan, danılmaz faktdır ki, Azərbaycan bir çox millətlərin, müxtəlif dinlərin nümayəndələrinin dinc, əmin-amanlıq şəraitində yaşadığı ölkə kimi digər ölkələrə nümunə etalonudur.

Digər tərəfdən, Azərbaycan kifayət qədər demokratik və başqa xalqlara, ayrı dinlərə inanc bəsləyənlərə sayğı ilə yanaşan bir dövlətdir. Məhz bu faktor da ölkə qanunlarında öz əksini tapıb. Bu gün ölkəmizdə hər kəs dinindən, millətindən asılı olmayaraq çiyin-çiyinə yaşayır, Azərbaycanın quruculuq və inkişafında səylə, əzmlə çalışır. Maraqlı faktlardan biri də budur ki, Azərbaycanın dəyişilməz olaraq qalan bu mühiti bəzi dairələrin siyasi və s. baxışlarına cavab vermədiyinə görə, zaman-zaman bu yöndə müxtəlif çirkin planlara əl atılıb. Lakin xalqın, dinlərin monolit birliyi heç vaxt belə cəhdlərin reallaşmasına imkan verməyib.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yatanmış hərc-mərcliklərə son qoyulmaqla yanaşı, dini etiqadların qorunub-saxlanılması və inkişaf etdirilməsinə də diqqət ayrıldı. Çünki Azərbaycan xalqının Ümummilli Lideri yaxşı bilirdi ki, bu sahə ən həssas sahələrdən biridir və hər an bizi istəməyən qüvvələr ondan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Ona görə də, O, ölkədaxili səfərləri zamanı məscidlərin, kilsələrin və sinaqoqların təmiri və bərpası, yeni ibadət ocaqlarının yaradılması məsələsinə daim üstünlük verir, xalqı, müxtəlif inanclı vətəndaşları vəhdətə gətirmək üçün uzaqgörən siyasətini yürüdürdü.

Lakin vəhdət gücləndikcə, qeyri-ənənəvi təriqətlərin, bu istiqamətdə olan sektaların, eləcə də missioner təşkilatların çirkin planlarını reallaşdıra bilməmələri, onların daha da azğnlşamasına səbəb olurdu ki, Ulu Öndər Heydər Əliyev bu kimi arzuolunmaz halların da qarşısının alınması üçün müvafiq addımlarını atdı.

Onu da xatırladaq ki, hələ 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmilşdi. Məhz bu qanunda bir sıra boşluqların olmasının səbəbləri idi ki, bəzi güclər çirkin məqsədlərini həmin boşluqlardan istifadə edərək, gerçəkləşdirməyə cəhdlər göstərirdilər. Ona görə də, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müəyyən əlavə və dəyişikliklərin edilməsində qətiyyətli addımını atdı. Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şərait formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktının tələblərinə riayət olunması məqsədilə yaradılıb. Həmin vaxtlardan etibarən, Azərbaycan dövləti çoxmillətli, çoxdinli bir respublika olaraq, bu müxtəlifliyini daha dərindən qorumağa başladı. Beləliklə, bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayışını davam etdirdi, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərərək, mövcud uğurlardan stumul almağa başladı.

Bu baxımdan tarixən ölkəmizdə islam dini ilə yanaşı, xristianlıq, iudaizm və başqa dinlərə mənsub insanlar da məskunlaşmış, sülh və əmin-amanlıq şəraitində yaşamış və indi də bu ənənə uğurla davam etdirilir. Artıq istər xristian, istər yəhudi, istərsə də müsəlan olan vətəndaş tam əminliklə vurğulaya bilər ki, Azərbaycanda millətlər və dinlərarası, o cümlədən, məzhəblərarası təfriqə yaratmaq mümkünsüzdür, çünki ölkəmizdə buna heç bir şərait yoxdur! Qloballaşma şəraitində həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün olub. Çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalq və etnikin mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib. Məlum olduğu kimi, ölkəmizdəki mövcud multikulturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir".

Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi isə azsaylı millət və onların etiqad etdiyi dinlərə də sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir. Vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: "İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır".

Bu gün Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin Prezident İlham Əliyev tərəfindən bəyan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi Odlar Diyarının beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Ölkə başçımız Cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirməsi, bu işdə ölkənin Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da xüsusi rola malik olması öz münbit, nailiyyətli nəticələrini göstərməkdədir.

Bir müddət öncə Roma Papası Fransiskin Azərbaycana səfəri isə Azərbaycanın multikulltural dəyərlərinin hansı dərəcədə inkişaf etməsinin müsbət yönümlü kulminasiya nöqtəsi idi. Dünya mediası bu səfər barədə kifayət qədər mühüm məqamlara toxunaraq, Azərbaycanın istər regionda, istərsə də dünyadakı əhəmiyyətli yeri barədə məqalələr dərc etdi.

Amerikada çıxan "Jewish Journal" qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Roma Papasının Bakıya səfəri haqqında məqaləsi dərc edildi. Müəllif Azərbaycandakı Heydər Məscidində müsəlmanların, katoliklərin, protestant və pravoslav xristianların Roma Papası ilə unikal görüşü barədə yazısında bir çox müsbət məqamlar haqqında təhlillərini aparıb. M.Yevdayev qeyd edib ki, Azərbaycan çoxmədəniyyətli özünüifadə modelidir və bütün dünya bu məqama diqqət yetirməlidir. Müəllif Papanın səfərinin Azərbaycanda növbəti qlobal multikultural tədbirdən - 5-ci Bakı Beynəlxalq Humanitar Forumundan dərhal sonra baş tutması məqamına da toxunub və xatırladıb ki, forumda 80 ölkədən gəlmiş yüzlərlə lider müasir dövrün ən əhəmiyyətli məsələlərini, ölkələr, mədəniyyətlər və icmalar arasında qarşılıqlı münasibətlər qurulması problemlərini müzakirə ediblər.

Göründüyü kimi, Azərbaycan məhz, bu kimi dəyərləri ilə dünyaya bir nümunə olduğunu sübut etməkdədidr. Müasir Qərb politoloqları da artıq etiraf edirlər ki, multikulturalizm burada iflasa uğrayıb. Cənab İlham Əliyev isə bu barədə deyib: "Bəzi ölkələrdə islamofobiya meyillərinin güclənməsi, islam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir".

Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb.

Bu gün Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar İdarəsinin birgə fəaliyyəti də ölkəmizdə tolernatlığın daha güclü dayaqlara söykənməsinə xidmət edir. Belə ki, DQİDK sədri Mübariz Qurbanlı müsahibələrindən birində qeyd edib ki, Azərbaycanda qədim zamanlardan müxtəlif dinlər tolerantlıq şəraitində yan-yana fəaliyyət göstəriblər: "Müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı xoş əlaqələri ənənə halını almışdır. Bu gün də həmin ənənənin dini icmaların bir-birinə olan münasibətində şahidi oluruq. İstər əlamətdar günlərdə, istər bayramlarda, istərsə də icmaların digər ictimai həyatında bu yaxınlığı, səmimiliyi görürük. Ümumiyyətlə, ölkədə tolerant mühitin yaradılmasına xidmət edən müxtəlif dini konfessiya liderlərinin qarşılıqlı əlaqələri yüksək səviyyədədir. Dövlət Komitəsi olaraq da tolerantlığın ölkəmizdə daha da təkmilləşməsivə müxtəlif dini konfessiya rəhbərləri arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində bir sıra addımlar atılmışdır".

Qeyd edək ki, Dövlət Komitəsinin sədri yanında Məşvərət Şurası da fəaliyyət göstərir və şurada Azərbaycanda fəaliyyət göstərən ənənəvi konfessiyalar - müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər rəhbərlik səviyyəsində təmsil olunurlar. Məşvərət Şurasının əsas məqsədi dini etiqad azadlığının təmin olunmasında mövcud məsələlərin müzakirəsi, onların həlli ilə bağlı tövsiyələrin hazırlanması və dinlərarası dialoqun səmərəli təşkilidir. Şuranın vəzifə və funksiyalarına dini konfessiya nümayəndələrinin arasında anlaşma və qarşılıqlı hörmət hissinin gücləndirilməsi, dindarlar arasında radikal, ekstremist meyillərin, o cümlədən, dini duruma mənfi təsirlərin, həmçinin, mövhumat və xurafat elementlərinin aradan qaldırılması istiqamətində iş aparılması, dövlət-din münasibətlərinin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi istiqamətində dini qurumların iştirakı ilə tədbirlərin görülməsi və sair bu kimi məsələlər aiddir. Bu kimi fəaliyyət isə, hətta aparıcı Qərb ölkələrində belə mövcud deyil. Artıq nəticəyə gəlmək mümkündür ki, ümumiyyətlə, Azərbaycan çoxdinli, çoxmillətli bir dövlət olmaqla bütün dünya üçün öz dəyərini göstərə bilib. Bu nümunədən bir sıra ölkələr örnək götürməlidir.

Rəfiqə KAMALQIZI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Digər xəbərlər