Bakı Slavyan Universitetinin qocaman professoru, görkəmli alim və pedaqoq Məmməd Qocayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində professorun ömür yolu və pedaqoji fəaliyyəti ilə bağlı film nümayiş olunub.
Yubiley münasibətilə Məmməd Qocayevi təbrik edən BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxışında görkəmli alimin yubileyinin universitetin 70 illik yubileyi ilə eyni vaxta təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib: "Hər bir təhsil ocağının tarixində ömürünü məhsuldar elmi-pedaqoji fəaliyyətə, tələbələrinin təlim-tərbiyəsinə fədakarlıqla xərcləmiş dəyərli müəllimlər vardır".
Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, professorlar Qəzənfər Paşayev, Bədirxan Əhmədov, Rüstəm Kamal və başqaları Məmməd Qocayevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Natiqlər dünya fəlsəfə və ədəbiyyat tarixinin ən qiymətli əsərlərini doğma dilimizdə görməyi təbliğ edən alimin "Dostoyevskinin poetikasının problemləri" monoqrafiyasını Azərbaycan dilinə çevirməklə ədəbiyyatşünaslığımızda ciddi canlanma yaratdığını qeyd ediblər.
Tədbirin sonunda çıxış edən professor BSU-da 50 illik fəaliyyəti dövründəki təəssüratlarını müəllim kollektivi və tələbələrlə bölüşüb və tədbirin təşkilinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda M.Qocayevə yubiley münasibəti ilə BSU tərəfindən nəşr olunan "Elm və mənəviyyat zirvəsi" adlı kitab və dəyərli hədiyyələr təqdim edilib.
ZÜMRÜD