Cinayətkar Sarkisyanın büdcəsi və ya xalqı qarət etməyin qanuniləşdirilməsi
Bu, bir faktordur ki, qarşıdakı ilə qədəm qoyanda, geridə qoyulan ildə əldə olunan uğurlar və bundan sonrakı hədəflərin nələr ola biləcəyi barədə geniş müzakirələr aparırlar. Faktlar belə deməyə əsas verir ki, bu baxımdan Ermənistanda vəziyyət dəhşətli həddə çatmışdır. İl ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, 2016-cı ildə ölkə uçurumun kənarınadək sürüklənmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır.
Düşmən ölkədəki vəziyyəti daha yaxşı anlamaq üçün, qeyd etmək yerinə düşərdi ki, rəsmi rəqəmlərə görə, 2013-cü ildə Ermənistan əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm bu il artaraq, 52 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 280 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 52 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin, demək olar ki, yarısı dilənçi vəziyyətində yaşayır. Bu isə sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir.
Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir, belə gedərsə, 2017-ci il ərzində sosial partlayışın qaçılmaz olacağını qeyd edirlər.
Gələk Ermənistan büdcəsinə.
Azərbaycanın 2016-cı il üçün hərbi xərcləri Ermənistanın bütünlüklə dövlət büdcəsindən artıqdır
"Hərbi potensialın gücləndirilməsi bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir". Qeyd edilən fikirləri Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin birinci iclasında səsləndirib.
Ermənistan tərəfi cəbhədə yaşanan son proseslər fonunda bunun bir daha əyani şahidi oldu. Düşmən onu da aydın müşahidə etdi ki, Azərbaycan bütün sahələrdə, o cümlədən, hərbi sferada Ermənistanı dəfələrlə qabaqlayır. Azərbaycanın bu üstünlüyünün getdikcə artması fonunda isə Ermənistanın tənəzzülü sürətlənir. Bunu gələn ilin dövlət büdcələrinə nəzər salmaqla da aydın sezmək olar.
Məlumdur ki, gələn il ölkəmizin 16 milyard 264 milyon manat nəzərdə tutulur. Büdcə xərclərinin təsnifatından o da aydın görünür ki, hazırda dünya iqtisadiyyatında, xüsusilə, region ölkələrində müşahidə olunan böhrana baxmayaraq, Azərbaycan vətəndaşlarının birbaşa rifahı ilə bağlı olan xərcləri artırır. Həmçinin, ölkəmizin müdafiə üçün ayırdığı vəsait də artır. Gələn büdcədən hərbi xərclərə 1,615 milyard dollar, yaxud 986,5 milyon dollar təşkil edəcək. Müharibə şəraitində olduğumuz Ermənistanda da büdcə layihəsi dünən təqdim olunub. Düşmən ölkənin gələnilki dövlət büdcəsi 1,244 trilyon dram (2,63 milyard dollar) səviyyəsində müəyyən olunub. Azərbaycanla müqayisədə bu 3,6 dəfə az göstəricidir. Hərbi xərclərə gəlincə, Ermənistan büdcəsindən 2017-ci ildə orduya 209,7 milyard dram (439,7 milyon dollar) təşkil edir. Bu isə rəsmi Bakının Yerevandan hərbi sahəyə 2,2 dəfə daha çox vəsait ayırdığını göstərir.
Hazırda Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordudur. Ölkəmizdə gedən ordu quruculuğu tədbirləri, bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, Azərbaycan qələbəni qısa müddətdə əldə edəcək. İndi isə hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirir, ordunun maddi-texniki bazasının modernləşdirilməsi fonunda ölkənin müdafiə sistemi daha təkmil hala gəlir.
Ermənistanda isə daha ağır vəziyyət hökm sürür. Bunu Ermənistanın 2016-cı il üçün dövlət büdcəsinə nəzər salmaqla da aydın görmək olar. Məlumat üçün bildirək ki, işğalçı ölkənin dövlət büdcəsinin gəlirləri 1 trilyon 219,5 milyard, xərcləri isə 1 trilyon 411,9 milyard dram müəyyən edilib. Amma nəzərə alaq ki, postsovet məkanında ən aşağı dəyərdə olan milli valyuta, məhz Ermənistandadır. Hazırda 1 ABŞ dolları az qala 500 drama bərabərdir. Bu da, o deməkdir ki, gələn il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 2,5 milyard dollar, xərcləri isə 2,9 milyard dollar dəyərində olacaq. Bu, bir daha göstərir ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən daha çoxdur. İşğalçı ölkənin hərbi xərcləri heç 500 milyon dollara da çatmır. Bu mənada, hərbi xərclər məsələsində də vəziyyətin nə dərəcədə Azərbaycanın lehinə dəyişməsi aydın görünür.
"Sarkisyan rejimi yoxsul dövlətlərindəki idarəetmə sisteminin sadəcə kserokopiyasıdır"
Erməni deputatı Viktor Dallakyan Sarkisyan rejiminin dövləti idarəetmə metodları dünyanın ən geridə qalmış, yoxsul dövlətlərindəki idarəetmə sisteminin sadəcə kserokopiyası adlandırıb: "Lesoto, Mali və ya Madaqaskarda olduğu kimi, Ermənistanda da əhalinin 65 faizi ağır yoxsulluq səviyyəsində, 26 faizi isə səfil kökündə yaşayır. Xalq tamam unudulub. Ölkənin bütün maddi və maliyyə ehtiyatları hakimiyyətdəki şəxslərin və onların nəzarəti altındakı şirkətlərə rəhbərlik edən oliqarxların əlindədir. Rüşvətxorluq və korrupsiya ölkəni iflic vəziyyətinə salıb. Vergilər tam qarətə çevrilib. Bütün kommersiya, biznes, emal, istehsal və bank fəaliyyəti Serj Sarkisyan və onun qohum-əqrəbasından ibarət 21 ailənin nəzarətindədir. Bu gün ölkə əhalisi "Ermənistanın gələcəyi varmı?" sualı qarşısında sual işarəsinə dönüb".
Erməni ekspertlərinin fikrinə görə, Ermənistan iqtisadiyyatının iflic vəziyyətinə düşməsinin, sosial problemlərin ilbəil dərinləşməsinin, az qala, öz müstəqilliyi ilə vidalaşmaq həddinə çatmasının yeganə səbəbi onun qatı işğalçılıq siyasəti və qonşularla normal əlaqələr yarada bilməməsidir.
Bütün bunlar isə, onu deməyə əsas verir ki, Ermənistanda vəziyyət getdikcə pisləşəcək və bu da ölkədə sosial iğtişaşlara səbəb olacaq.
A.SƏMƏDOVA