AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Məhəmməd ağa Şahtaxtlının publisistikası" monoqrafiyasının və bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun "Maarif fədaisi:Həsən bəy Qazıyev" adlı kitabının təqdimatı olub.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, diplomatik işdə, mətbuat tarixində çox böyük xidmətləri olmuş Şahtaxtinisklərin ayrı-ayrı nümayəndələri haqqında araşdırmaların aparıldığını, onların çətin, lakin şərəfli həyatları arxivlərdən, müxtəlif şəxslərdən toplanılan materiallar əsasında öyrənildiyini, kitablar, monoqrafiyalar, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edildiyini bildirib: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin "Məhəmməd ağa Şahtaxtının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında" sərəncamı təkcə böyük naşir, publisistik Məhəmməd ağa Şahtaxtılının deyil, bütün Şahtaxtinskilər nəslinin öyrənilməsi sahəsində böyük mədəni-ictimai hadisə idi".
Təqdimat mərasimində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun "Məhəmməd ağa Şahtaxtlının publisistikası haqqında mükəmməl tədqiqat əsəri" mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev "Görkəmli pedaqoq Həsən bəy Qazıyev haqqında ilk tədqiqat əsəri" mövzusunda məruzə edib. Qeyd olunub ki, kitabda Həsən bəy Qazıyevin mühiti və təhsil illəri, İrəvan quberniyasındakı fəaliyyəti, onun pedaqoji fəaliyyətinin Naxçıvan mərhələsi, həyat və fəaliyyətinin əsas tarixləri əhatəliyi ilə verilir.
Mərasimdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova, Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev mövzu ətrafında çıxış ediblər.
ZÜMRÜD