Azərbaycanda artıq turizm intensiv sürətlə inkişaf edir. Buna səbəb ölkəmizin dünyanın 11 iqlim tipindən 9-na malik olması, dağı, meşəsi, dənizi, çayı, ecazkar təbiəti və külli miqdarda dərman bitkiləri, geniş sahələri, eləcə də dövlət tərəfindən bu sahəyə göstərilən diqqətdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsi olaraq dövlətin müəyyən etdiyi qərarlar onun davamlı inkişafına səbəb olub. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət ölkənin bütün sahələrinin inkişafında özünü büruzə verir. Prezidentin sərəncamları ilə "Azərbaycan turizmin inkişafına dair 2011-2015-ci illər Dövlət Proqramı", 2011-ci ili "Turizm ili" elan edilməsi, eləcə də "2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması turizmin sürətli inkişafına böyük təkan oldu. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həllində mühüm rol oynadı.
Turizm inkişaf etdirilərək ölkəmizin ən prioritet sahələrindən birinə çevirilib. Turizmin inkişafı ölkə iqtisadiyyatının artması deməkdir. Belə ki, turizm ölkə iqtisadiyyatının əsasını təşkil edir. Eləcə də, Azərbaycanın dünyada tanınmasında turizmin inkişafı əsas amildir. Ölkədə iqtisadi inkişaf, yenidənqurma və abadlıq işlərinin görülməsi ölkənin daxili potensialı nəticəsində, Azərbaycanda turizmin sürətli inkişafına gətirib çıxarıb. Yeni mehmanxana və hotellərin inşası və təmiri dövlət siyasətinin həyata keçirilməsində əsaslı rola malikdir. Belə ki, məlum olduğu kimi, ölkəmizdə dünya standartlarına cavab verən beşulduzlu mehmanxanalar istifadəyə verilib ki, bu da dünyada analoqu olmayan bir hadisədir. Bununla yanaşı, paytaxtımızda dördulduzlu və üçulduzlu hotellər də inşa olunub. Bakının ümumi görünüşünü daha da müasirləşdirən "Alov Qüllələri", Dövlət Bayrağı Meydanı, "Crystal Hall", Heydər Əliyev Mərkəzi kimi tikililər və memarlıq inciləri kimi heyrətə səbəb olan nadir nümunələr onun panoramasında nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Bütün bunlar ölkənin mənzərəsinə də yeni bir ab-hava gətirir.
Bu gün Bakının dünyada məşhur turist şəhərləri siyahısında ilk beşlikdə yer alması da təsadüfü deyil. Belə ki, nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb. Reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel
və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb. Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq reytinq sıralamasında önə çıxan şəhərlərin 2017-ci ildə də səyahət üçün üstünlük verilən məntəqələr arasında olacağına ümid etdiyini bildirib. Əlavə edib ki, bu siyahı səyahətsevərlərin seçimlərinə öz müsbət təsirini göstərəcək. O, həmçinin, ölkəmiz və paytaxtımız haqqında da xoş təəssüratlarını bölüşüb: "Biz çox məmnunuq ki, Bakı populyarlaşmaqda olan turizm məntəqələri siyahısında ön sıralarda dayanır. Səyahətsevərlərin 65 faizi Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən qədim tarixə və möhtəşəm mədəniyyətə malik ölkə kimi səciyyələndirdi. Ümidvaram ki, bu gözəl şəhəri 2017-ci ildə də görmək istəyənlərin sayı çox olacaq".
Bəli, Azərbaycanın yüksək templə inkişaf edən iqtisadiyyatı bütün sahələrdə nailiyyətlərin əldə olunması ilə yanaşı, ölkəmizin simasının dəyişməsinə də səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, iqtisadi yüksəliş, sosial, mədəni tərəqqisi ilə seçilən Azərbaycanda yaranan bu mənzərə həyata keçirilən dövlət proqramları, islahatlar, genişmiqyaslı layihələr əsasında reallaşıb.
NƏZAKƏT ƏLƏDDİNQIZI