2014-cü ildə Hollandiyanın Almelo şəhərindəki mitinqdə etdiyi çıxışa görə ermənilərin məhkəməyə verdiyi Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın məhkəmə qarşısına çıxıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, budəfəki görüşdə yalnız müəyyən məlumatlar, şahidlərin qəbul edilməsi, növbəti məhkəmə prosesinin detalları müzakirə edilib və məhkəmə 2017-ci il martın 3-nə təyin olunub.
2016-cı il oktyabrın 4-də məsələ ilə bağlı ifadə vermək üçün polis idarəsinə dəvət edilən diaspor rəhbəri burada 4 saatdan artıq ifadə verdiyini bildirərək, məsələ ilə bağlı iki il sonra iddia qaldıranlardan ikisinin erməni federasiyasının üzvü, birinin isə Hollandiya vətəndaşı olduğunu əlavə edib. İlhan Aşkın deyib ki, məhkəmə heyətinin təyin etdiyi iki ekspertdən biri qondarma "erməni soyqırımı" iddialarını müdafiə edən Erik van Zukerin türklərə qarşı mövqeyi bəllidir və onun bu məsələdə nə qədər səmimi olacağı şübhə altındadır.
Diaspor rəhbəri məsələ ilə bağlı türk köklü Hollandiyalı akademik, tarixçi Armand Sağ ilə görüşüb və hesabatın hazırlanması qərara alınıb. İlhan Aşkın bildirib ki, artıq bu istiqamətdə fəaliyyətə başlayan Armand Sağın məhkəmədən öncə raporu hazırlayıb bitirməsi və martın 3-də məhkəməyə təqdim olunması nəzərdə tutulub.
Xatırladaq ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın 2014-cü ildə Almelo şəhərində qondarma "erməni soyqırımı" abidəsinin tikinitisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. İ.Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib.
NƏZAKƏT