PDF Oxu

Sosial

  • 190

Medianın qara ləkələrinə qarşı mübarizə davamlı olacaq!

Medianın qara ləkələrinə qarşı mübarizə davamlı olacaq!

Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını istər bu, istərsə də digər tərəflərdən qoruyur, mühafizə edir, reketçilik yolu ilə iyrənc əməllərdən və işlədən "jurnalistlərə" qanunun sərt tərəflərini göstərir

Kimsəyə sirr deyil ki, dəqiqlik, qərəzsizlik, vicdanlı olmaq, operativlik və sair bu kimi şərtlər real mətbuat adamları tərəfindən əsas prinsiplər kimi qəbul edilməkdədir. Lakin biz zaman-zaman heç də bütün jurnalistlərin bu prinsiplərə əməl etmədiklərinin şahidinə çevrilirik. Məhz bu baxımdan, uzun müddətdir ki, ölkə mediasında "reket jurnalistikası" deyilən və "qara yara" tək tüğyan edən, 4-cü hakimiyyətin hörmətindən və adından istifadə edərək böhtan və şantaj yolu ilə vəzifəli şəxslərdən, məmurlardan pul qopartmağa çalışan sindromla mübarizəyə qarşı barışmaz addımlar atılmağa başlanılıb. Çünki "reket jurnalistikası" xofu ölkəmizdə elə sürətlə yayılıb ki, hətta vəzifəli şəxslər normal bir jurnalist görəndə, dərhal əks-düşüncəyə qapılaraq, adi media adamları barədə yanlış düşüncələrə qapılırdılar.

DTX tərəfindən analoji əməliyyatlar davam edəcək

Bəlli olduğu kimi, son günlər Dövlət Təhlükəsizlik Xidmətinin apardığı xüsusi əməliyyatı nəticəsində ölkədə reketçilik fəaliyyəti ilə məşğul olan iki qəzet baş redaktoru və onlarla əlbir olan şəxslər həbs olunublar. Belə ki, insaların intim videogörüntülərini yaymaqla şantaj etmə, hədə-qorxu ilə tələb etməyə görə "Bizim dövr" qəzetinin və eyniadlı saytın rəhbəri Surxay Əliyev və onun dəstəsinə daxil olan bir neçə nəfər şəxslə yanaşı, "Gündəlik Bakı" qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyev də saxlanılıb. Həmin şəxslərin rəhbərlik etdikləri "reket jurnalistikası" qurumlarının yayımladığı əksər materiallarda "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunundan, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"ndan irəli gələn tələblər, mütəmadi olaraq pozulub, müxtəlif yaşlı, vəzifəli şəxslərin şərəf və ləyaqətinin təhqirinə, işgüzar nüfuzunun ləkələnməsinə yönələn yazıların materialların təqdiminə üstünlük verilib. Əldə etdiyimiz məlumata görə, DTX tərəfindən analoji əməliyyatlar davam edəcək. Məhz bu kimi əməliyyatların həyata keçirilməsi bir daha sübut edir ki, jurnalistika adına xələl gətirən, ümumiyyətlə, mətbuat sahəsinə tamamilə yad olan reketçiliyin tamamilə aradan qaldırılması istiqamətində atılan müvafiq addımlar zamanında və yerində atılıb.

Çirkin əməllərindən nəticə çıxarmayan şəxslər atdıqları qanunsuz addımlarından sonra cəzasız qalacaqlarına o qədər əmin olublar ki...

Onu da qeyd etmək yerinə düşərdi ki, ölkədə daha öncələr də jurnalistika adı altında rejektçiliklə məşğul olan şəxslər həbs edilib və törətdikləri cinayət əməllərinə görə qanunvericiliyin tələblərinə uyğun cəzalandırılıblar. Məsələn, buna misal kimi fəaliyyəti dayanmış "İdeal" və "İdeal Azərbaycan" qəzetlərinin təsisçisi, eləcə də baş redaktoru olmuş Nazim Quliyevin, "Jam.az" saytının baş redkatoru Fikrət Fərəməzoğlunun, məlum əməllərinə görə həbs həyatı yaşamış, hazırda azadlıqda media fəaliyyəti göstərən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının və s. şəxslərin adlarını xatırlada bilərik.

Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, "Gündəlik Bakı" qəzetinin və saytının baş redkatoru Habil Vəliyev "Bzim dövr" qəzetinin və etniadlı saytının rəhbəri Surxay Əliyevlə eyni fəaliyyət göstərib, sonralar isə həbsdə olan Nazim Quliyevlə uzunmüddətli əməkdaşlıq göstərib. Sonradan o, "Gündəlik Bakı" qəzetini açaraq reketçlik fəaliyyətini burada davam etdirib.

Ancaq görünür, çirkin əməllərindən nəticə çıxarmayan şəxslər atdıqları qanunsuz addımlarından sonra cəzasız qalacağına o qədər əmin olublar ki, həbs olunacaqları barədə, ümumiyyətlə, düşünməyiblər. Haramçılıq və cinayətkarlıq yolu ilə əldə etdikləri yüz minlərlə pullar, bir-birindən bahalı avtomobillər, şəhərin müxtəlif yerlərində inşa edilən saray tipli villalar, mərkəzdə əldə edilən çoxsaylı mənzillər onları daha da şirnikləşdirib, gözlərini möhürləyib.

Yeri gəlmişkən, artıq bir amil də təsdiq olunmaqdadır ki, bu adamların əksəriyyəti keçmiş MTN-in cinayətkar qruplaşmaları ilə birgə, əlbir olublar. Təkcə Akif Çovdarovun adının bu məsələdə də hallanması çox şeydən xəbər verir...

Şantajlar, hədə-qorxular və sonda HƏBS!!!

Yəqin bu səbəbdən minlərlə insanın şəxsi həyatlarına müdaxilə etməklə, onların ailələrini dağıtmaqla, qeyri-qanuni gizli videoçəkilişlər vasitəsilə şantajlar etməklə azadlıqda qalacaqlarını düşünüblər. Ancaq son həbslər göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını istər bu, istərsə də digər tərəflərdən qoruyur, mühafizə edir, reketçilik yolu ilə iyrənc əməllər işlədən "jurnalistlərə" qanunun sərt tərəflərini göstərir. Əbəs yerə deyil ki, bu gün aparıcı media qurumlarının rəhbərləri də, Mətbuat Şurası və s. mətbuat nümayəndəlikləri ilə bağlı təşkilatlar da dövlət tərəfindən atılan qətiyyətli addımlara tam şəkildə dəstək göstərirlər.

Beləliklə, bu, bir daha sübut edir ki, Azərbaycanda mövcud olan qanunvericilik sarsılmazlıq və qətiyyətlilik faktoru üzərində dayanıb, xüsusilə, vətəndaşlara, dövlət məmurlarına və s. şəxslərə qarşı şantaj, hədə-qorxu gələnlər, hətta onları ölümlə hədələyənlər sonda layiqli cavablarını alırlar, bundan sonra da almaqda davam edəcəklər. Yaxşı olardı ki, təmiz jurnalist adına ləkə gətirməyə çalışan və reketçilik yolu ilə asan pul qazanmağa çalışacaqlarını düşünən bəzi dırnaqrarası "media adamları" da indidən öz aqibətlərinin nə ilə sona çatacağı barədə fikirləşsinlər. Çünki sonrası gec olar. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər