"Cəbhəyanı bölgələrdə yaşayan əhali şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və bunu yüksək qiymətləndirirlər"
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı ictimaiyyətlə görüşündə bir sıra mühüm açıqlamalar verdi. Xüsusilə də, cəbhədə baş verən hadisələrə toxunan Prezident aprel döyüşlərinin Azərbaycanın şanlı tarixi olduğunu bəyan etdi. Söhbət etdiyimiz müsahiblərimiz Prezident İlham Əliyevin cəbhəyanı bölgəsində verdiyi bəyanatın cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdığını bildirdilər.
Politoloq Arzu Nağıyev:
- Prezident İlham Əliyevin cəbhə bölgəsinə, o cümlədən də, Tərtər rayonuna səfəri bu bölgədə yaşayan əhali arasında özlərinə böyük inam yaradıb. Həm də, Ali Baş Komandan, Prezident İlham Əliyev səfəri ilə sərhəd bölgəsində yaşayan insanlara bir ruh yüksəkliyi verir. Məlumdur ki, aprel döyüşləri zamanı məğlub olan Ermənistan ordusunun Azərbaycanın sərhədyanı bölgədə yaşayan dinc əhalisini hədəfə alması nəticəsində dağıdılmış bir sıra evlər vardı. Həmin evlərin bəzilərinin yenidən tikilməsi, bəzilərinin isə bərpa olunması barədə Prezident İlham Əliyev göstəriş vermiş və bununla bağlı maliyyə vəsaitinin ayrılması barədə Sərəncam imzalamışıdır. Artıq Sərəncamdan irəli gələn məsələlər yerinə yetirilib. Bu səfərilə də Ali Baş Komandan, Prezident İlham Əliyev öz vətəndaşları ilə bir yerdə olduğunu bir daha göstərir.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:
- Prezident İlham Əliyevin istər aprel döyüşlərindən sonra, istərsə də bu yaxınlarda təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedərək, sakinlərlə görüşməsi insanlarda qələbəyə, dövlətimizin gücünə olan inam artırır. Bu səfər həm də Azərbaycan Ordusunun döyüş əhval-ruhiyyəsini yüksəldir. Azərbaycan Ordusunun müasir döyüş texnikası ilə təmin olunması istiqamətdə Azərbaycan dövləti ardıcıl siyasət aparır. Həmi də Azərbaycan əsgərinin peşəkarlığının artırılması istiqamətində mühüm tədbirlər görülür. Məhz bu və bu kimi məqsədyönlü işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyada ən güclü ordulardandır. Prezident İlham Əliyevin, mütəmadi olaraq, Azərbaycan əsgərinin yanında - səngərdə, hərbi hissələrdə, döyüş bölgəsində olması Azərbaycan Ordusuna əlavə güc verir. Bunun da bariz nümunəsi, məhz aprel döyüşlərində yüksək səviyyədə göründü. Aparılan bu siyasət Dağlıq Qarabağ münaqişəsinin həllinin heç də uzaqda olmadığını bir dah nümayiş etdirir.
"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin sədr müavini Cəsarət Hüseynzadə:
- Sözsüz ki, Cənab Prezidentin fəaliyyətinin əsas və mühüm hissəsi bu münaqişənin ədalətli həlli ilə bağlı beynəlxalq hüquq normaları çərçivəsində diplomatik mübarizə, paralel olaraq, Azərbaycan Ordusunun hər an döyüşə yüksək vəziyyətə hazır olması istiqamətinə hesablanıb. Şübhəsiz ki, Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinə yaxın yerləşən kəndlərdə insanlarla, habelə, hərbçilərlə görüşü Cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin nümunəsidir. Bu səfər cəbhəyanı bölgədə yaşayan əhalidə özünə inam yaradır. Həm də Cənab Prezidentin daima cəbhəyanı bölgələrə xüsusi diqqət ayırdığını göstərir. Bu dəfə də, məhz aprel döyüşlərində erməni tərəfinin dinc əhalinin yaşadığı kəndlərə vurduğu ziyanın aradan qaldırılmasına ölkə başçısı maddi dəstək göstərilməsini həyata keçirdi və ən əsası isə, daim həmin ərazilərdə yaşayan insanların yanında olduğunu göstərdi. Prezidentin həm aprel döyüşlərindən sonra Tərtər rayonuna baş çəkərək vəziyyəti yerində öyrənməsi, həm də problemlərin aradan qaldırlmasından sonra, əhali ilə görüşməsi cəbhəyanı bölgələrdə yaşayan əhaliyə böyük dəstəkdir. Prezident İlham Əliyevin bu görüşlərdə ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə olması isə, məhz bu diqqətin mühüm göstəricisidir. Həmin regionda yaşayan əhali, sözsüz ki, müəyyən mənada problemlər əhatəsində yaşayır və bu diqqət onlar üçün böyük dəstəkdir. Eyni zamanda, cəbhəyanı bölgələrdə yaşayan əhali şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirir.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:
- Prezidentin Tərtər rayonuna səfəri, orada keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər və verdiyi mesajlar səbəbsiz deyildi. Məlum olduğu kimi, aprel döyüşlərində ən çox zərər çəkən yaşayış məntəqələri Tərtər rayonu ərazisində idi. O vaxt Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən düşmən acığını dinc vətəndaşlardan çıxmağa çalışırdı. Nəticədə, düşmənin artilleriya hücumu nəticəsində Tərtərdə xeyli ev, məktəb, xəstəxana və digər sosial obyektlər dağıdılmışdı. Atəşkəs bərpa olunandan sonra döyüşlərin getdiyi ərazilərə səfər edən dövlət başçısı bütün dağıdılmış obyektlərin qısa müddət ərzində bərpa olunacağını bildirmişdi. Bu dəfəki səfərində isə Prezident həmin obyektlərin açılışını etdi. Bununla da, dövlət başçısı bir növ verdiyi tapşırıqların necə icra olunması ilə yerindəcə maraqlanıb. Digər tərəfdən də, nümayiş etdirilir ki, düşmən nə qədər təxribat törətsə də Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək əzmindən daşındıra bilməyəcək. Cəbhə bölgəsində yaşayan insanlara nümayiş etdirildi ki, Azərbaycan dövləti onların arxasındadır. Ümumiyyətlə, son vaxtlar Azərbaycan dövlətinin cəbhəyanı bölgələrə xüsusi diqqəti müşahidə olunur. Ali Baş Komandan, Prezident İlham Əliyev tez-tez bu rayonlarda səfərdə olur, oradakı dinc sakinlərlə, əsgərlərlə görüşür, döyüş ruhunu daha da yüksəldəcək fikirlər söyləyir. Həm də həmin ərazilərdəki problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir. Bununla da, bütün dünyaya mesaj verilir ki, Azərbaycan işğal olunmuş torpaqlarının düşmən tapdağında qalması ilə razılaşmayacaq.
GÜLYANƏ