PDF Oxu

Sosial

  • 7 726

Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi proritet istiqamətlərdəndir

Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi proritet istiqamətlərdəndir

Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda həyata keçirilən məsələlərdən biri də ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə xüsusi diqqətin ayrılmasıdır. Bununla əlaqədar olaraq ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət aparılır. Respublikamızda ekoloji siyasətə dair ilk sənəd "Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası"nın qəbul olunmasıdır. Konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb. Ekoloji siyasətin əsasını qoyan xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına başlanılmışdır. Həmin illərdə imzalanan "Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası" əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirilmişdir. Sonra bunun davamı olaraq 1998-ci ildə "Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı" qəbul edilmişdir. 2000-ci ildə isə "Ətraf mühitin mühafizəsi haqqında" və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bunun ardınca 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Bu isə, onu göstərir ki, ekoloji problemlərin həlli dövlətimizin diqqət göstərdiyi əsas istiqamətlərdəndir. Hər il 5 İyun Ümumdünya Ətraf Mühiti Günü" ölkəmizdə təntənəli şəkildə qeyd olunur. 5 iyun ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir. Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar "ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişdilər. 5 İyun Ümumdünya Ətraf Mühiti Gününün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Sessiyada BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühiti Günü keçirilir. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 20-dən artıq konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ətraf mühitin mühafizəsinə, ekoloji proqramların qəbuluna xüsusi önəm vermişdir. Məhz bu diqqətin və önəmin nəticəsi olaraq bu sahədə mövcud olan çatışmazlıqlar və problemlər tədricən öz həllini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" və "Meşələrin bərpa edilməsi və artırılmasına dair" 2 milli proqram, daha sonra 2003-2004-cü illərdə isə "Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı", "Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair" və "Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı"na dair 3 Dövlət Proqramı təsdiq olunmuşdur və həyata keçirilir. 2006-cı ildə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı təsdiq etməsi ilə ekoloji tədbirlərin sistemli şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiyalaşdırılması, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində tədbirlər görülüb. 2009-cu ilin sonunda Hövsan Aerasiya Stansiyasının istifadəyə verilməsi və buxtaya axıdılan kanalizasiya sularının qarşısı alınaraq, aerasiya stansiyasına yönəldilməsi, Bakı buxtasının tədricən təmizlənməsinə müsbət təsir edib. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili" elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. Görülən tədbirlər, həyata keçirilən məqsədyönlü ekoloji siyasət nəticəsində, son illərdə ölkəmizdə milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bütün bunlar ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

Heydər Əliyev Fondu ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm layihələr həyata keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır. Vaxtaşırı olaraq Bakıda və bölgələrdə iməciliklərin keçirilməsi ilə ağacəkmə kampaniyaları həyata keçirilir. Ötən il, eləcə də, bu il 5 İyun Ətraf Mühit Günü ilə əlaqədar olaraq Bakının Binəqədi, Sabunçu, Səbail rayonlarında eləcə də, Bakı-Quba magistral avtomobil yollarının ətrafında salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədilə iməciliklər keçirilmiş, eyni zamanda, respublikanın rayonlarında da ictimaiyyətin iştirakı ilə bu kimi tədbirlər təşkil olunmuşdur. Bununla yanaşı, salınmış yaşıllıqlarda və ətraf ərazilərdə mövcud olan məişət tullantılarının təmizlənməsi üçün şagirdlərin, tələbə-gənclərin iştirakı ilə iməciliklər keçirilmişdir.

Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə qanunvericilik bazası möhkəmləndirilib

Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mühüm qanunvericilik bazasının yaradılması da müsbət nəticələr verib. Milli Məclis tərəfindən qəbul olunan "Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu" buna misal ola bilər. Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Qanunun aliliyindən çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il ərzində ekoloji qanun pozuntularına görə 2562 akt və 820 protokol tərtib olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 1095 müddətli məcburi göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 6058978,1 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 1956963,47 manat məbləğində iddia qaldırılmışdır. Əmələ gələn tullantıların ətraf mühitə (torpaq, su, atmosfer) atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə, idarə və müəssisələrə 1097725,22 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 172 işdən 50-nə, icra qruplarına ünvanlanmış 536 işdən 254-nə, məhkəmələrə göndərilmiş 180 işdən 126-na baxılaraq müvafiq tədbirlər görülmüşdür. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq olunması ətraf mühitin mühafizəsi üçün mühüm tədbirlərdən hesab olunur. Kompleks Tədbirlər Planı əsasında Bakı və ətrafında, Abşeron yarımadasında günbəgün ağırlaşan, hətta ekoloji böhran xarakteri almağa başlayan çirklənmənin qarşısını almaq üçün strateji əhəmiyyət kəsb etdi. Bununla paytaxt ətrafında uzun illərdir mövcud olan neft gölməçələri, məişət tullantılarının primitiv formada yandırılması nəticəsində paytaxtın üzərini və Abşeron yarımadasını bürüyən qalın tüstü dumanı, çirkab sularının təmizlənməsi və axıdılması üçün yetərli infrastrukturun mövcud olmaması ekoloji böhran təhlükəsi yaradırdı. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş həmin planda yaranmış vəziyyətin təhlili əsasında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibiheybət zonasının, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur. 2011-ci ildə təsdiq edilən "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı"nda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən, paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri əksini tapır. Görülən bu kimi məqsədyönlü tədbirlər əhalinin sağlamlığını qorunmasına xidmət edir.

Jalə Bayramlı,

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir

Digər xəbərlər