"Həbs olunan şəxslərin, ümumiyyətlə, jurnalistikaya aidiyyatı yoxdur"
Məlum olduğu kimi, hüquq-mühafizə orqanları reketçiliklə məşğul olan bəzi qəzet baş redaktorlarını və onların əməkdaşlarını həbs edib. Maraqlıdır ki, bundan bəzi qüvvələr öz siyasi məqsədləri üçün istifadə etməyə və cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər. Bu həbsetməni necə qiymətləndirirsiz və ümumiyyətlə, elə şəxslərin jurnalistikaya aidiyyatı varmı?
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:
- Həbs olunan şəxslərin, ümumiyyətlə, jurnalistikaya aidiyyatı yoxdur. Azərbaycan Mətbuat Şurası 2010-cı ildə bu qəzetlərin adını qara siyahıya daxil edib. Amma nəzərə alsaq ki, bu qara siyahı Mətbuat Şurasının sonuncu qərarı olmayıb. Yəni həmin ana qədər də - 2008, 2009, 2010-cu illərin əvvəlində bu qəzetlərin redaktorları ilə dəfələrlə danışıqlar aparılıb. Bu danışıqlar zamanı da xəbərdarlıq olunub ki, onların fəaliyyətlərində çox qeyri-qanunilik var və bu da həm Azərbaycan qanunlarına, həm də etik prinsiplərə sayğısızlıq yaradır. Mətbuat Şurası onlara bildirib ki, bu cür əməllərindən əl çəksinlər. Təəssüflər olsun ki, onlar bu əməllərində heç bir dəyişiklik etmədilər. Beləliklə də, 2010-cu ildə həmin qəzetlərin adı qara siyahıya salındı. 6 ildir ki, bu şəxslərin fəaliyyətlərində çox neqativ əməllər özünü göstərib. Hüquq-mühafizə orqanları yekun addım ataraq, bunlar haqqında bir ölçü götürdü. Yəqin ki, bunlar haqqında istintaq əməliyyatı aparılacaq və bütün əməlləri üzə çıxacaq. Əlbəttə, bunların fəaliyyəti jurnalistiklik fəaliyyətinə uyğun deyil. Bunların fəaliyyəti həm media, həm də jurnalistika adına ləkədir. Sadəcə olaraq, onlar jurnalistika adından öz əməllərini ört-basdır etmək üçün istifadə ediblər.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:
- Bir mətbuat təmsilçisi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyatları və reket jurnalistikasına qarşı aparılan bu prosesləri dəstəkləyirəm. Azərbaycanda müstəqil mətbuat ötən əsrin 90-cı illərinin sonunda yaranandan bəri reket mətbuatı deyilən bizim peşə dəyərlərmizə zidd, jurnalistikanın nüfuzundan istifadə edən cinayətkar qruplar formalaşmışdır və bunlar da mətbuatın adına bir qara ləkə idi. Mətbuat Şurası 80-dən artıq bu cür qəzetlərin adını qara siyahıya salmışdır. Hüquq-mühafizə orqanlarının, məhz bu cür, bu tip insanlara şər-böhtan yağdıran, onların şərəf və ləyaqətini alçaldan və bunun müqabilində onlardan haqq tələb edən o cinayətkar qrup haqqında ölçü götürülmələri olduqca lazımlı bir addım idi. Bir sözlə, bu cür zərərli ünsürlər bizim jurnalistika sistemimizdən uzaqlaşdırılmalıdırlar.
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:
- Hüquq-mühafizə orqanlarının reketçiliklə məşğul olan bəzi qəzet baş redaktorlarını və onların əməkdaşları ilə bağlı keçirdikləri tədbirlər təqdirəlayiqdir. Çünki Mətbuat Şurasında yaradılan reket komissiyasının üzvləri, bu kimi şəxslərlə uzun müddət söhbətlər apararaq, onlar, səhv yoldan çəkindirməyə çalışıb. Onlara bildirimişik ki, bu cür əməllərindən əl çəksinlər. Amma təəssüflər olsun ki, onlar yenə də öz bəd əməllərini davam etdirirlər. Bir sözlə, hüquq-mühafizə orqanlarının reketçiliklə məşğul olan şəxslərlə çox ciddi şəkildə məşğul olmaları müsbət haldır və bu addım bizlər tərəfindən dəstəklənir. Çünki Azərbaycan mətbuatına, jurnalist qismində daxil olaraq, öz çirkin əməllərini həyata keçirmək istəyən xeyli ünsürlər var. Bu ünsürlərə qarşı da belə bir mübarizənin başlanması arzu olunandır və təqdirəlayiqdir.
GÜLYANƏ