DQİDK-nin sədri Mübariz Qurbanlı KİVUNİM Amerika-İsrail Akademik Təşkilatının nümayəndə heyəti ilə görüş keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən məşhur KİVUNİM Amerika-İsrail Akademik Təşkilatının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Ölkəmizdəki dini durum, Dövlət Komitəsinin fəaliyyət istiqaməti barədə görüş iştirakçılarına ətraflı məlumat verən Mübariz Qurbanlı bildirib ki, tarixən tolerant və multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian və yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayır. Dini konfessiyalar barədə danışan komitə sədri vurğulayıb ki, bu konfessiyalar anlaşma şəraitində fəaliyyət göstərirlər və qeyri-islam dini icmalara dövlətimiz tərəfindən, mütəmadi olaraq, maliyyə yardımı edilir.
Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi olduğunu deyən komitə sədri ölkəmizdə hər zaman yəhudilərə xoş münasibət bəslənildiyini və indiyə qədər də bu münasibətin davam etdiyini vurğulayıb.
Daha sonra çıxış edən BBMM-nin İsraildəki Nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Azərbaycanla İsrailin əlaqələrinin perspektivlərini və bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib.
Sonda görüş iştirakçılarına Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edilib.
Rövşən NURƏDDİNOĞLU