Ermənistanın büdcəsinin yox səviyyəsində olması bunun təsdiqidir
Bəşər tarixi və siyasətin yaşanmış hadisələri göstərir ki, haqqını tələb edib hüquqlarını qorumağı bacaran toplunu, insanları uzun müddət kölə vəziyyətində saxlamaq olmur. Fəqət, köləliyə könüllü can atan insanları idarə etmək asandır. Yetər ki, onlara çörək və əyləncə verəsən. Hətta kölələr çörək qıtlığında da yaşayırlar. Bu gün Ermənistanda insanlar Sarkisyanın yaratdığı şəraitə uyğun olaraq kölə vəziyyətindədirlər. İşğalçı ölkədə iqtisadi problemlərlə yanaşı, Sarkisyan rejimi, xüsusilə də, bütün güc strukturlarına öz adamlarını gətirməklə öz hakimiyyətini qoruyub saxlamaq, parlamentdə də saxta seçkilər vasitəsilə hakimiyyəti əldə saxlamaq niyyəti yalan siyasi vədlər Ermənistan iqtisadiyyatında inflyasiyanın artmasına gətirib çıxarıb.
Erməni mətbuatı deyilənləri təsdiqləyir
Ermənistan mətbuatı yazır ki, siyasi gərginliyin artmasına xidmət edən bütün bu hallar iqtisadi böhranı daha da dərinləşdirir. Siyasi ekspertlər qeyd edirlər ki, Ermənistanda kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün, sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. "Joxovurd" qəzeti yazır ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı ildə ölkənin dövlət borcu 5 milyard dollardan çox olub. Təkcə 2015-ci ilin dekabr ayında dövlət borcu 32 milyon 847 min dollar artıb: "Bu borcların 4 milyard 785 milyon 208 min dolları xarici borcdur. 2015-ci ilin son ayında xarici borc isə 81 milyon 598 min dollar artıb. Həmçinin, 2015-ci ilin yanvar ayı ərzində ərzaq məhsullarının qiyməti ötən ilin dekabr ayı ilə müqayisədə 4,5 faiz bahalaşıb. 2014-cü ildə Ermənistanda işsizlərin sayı 2013-cü illə müqayisədə 18 faiz artıb".
Levon Ter-Petrosyan: "2017-ci il də Ermənistan üçün yaxşı heç nə vəd etmir"
Ermənistanda insanlar gündəlik ehtiyaclarının belə vəziyyətdə olmasının səbəbi də erməni siyasi şüurunun hələ kölə vəziyyətində olmasıdır. Erməni mətbuatı olan "Joxovurd"un yazdığına görə, son zamanlar düşmən ölkəyə xaricdən gələn pul transferləri yarıbayarı azalıb. Bildirilir ki, ixrac 10-15 faiz ixtisar olunub. Qeyd olunur ki, hazırda Ermənistanın valyuta ehtiyatları son beş ilin ən aşağı səviyyəsindədir. Ermənistan xarici investorlar üçün onsuz da zəif olan mövqelərini itirib. Məsələnin maraqlı tərəfi ondadır ki, işğalçı ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan Ermənistanın bundan da ağır günlərlə üz-üzə qalacağını açıqlayıb: "Rejim idarəçilik sisteminin islahatlaşdırılması və seçki prosesinin səhnələşdirilməsi adı altında vaxt öldürür. Belə davam edəcəyi təqdirdə, ölkənin yaxın zamanda real iqtisadi fəlakətlə üzləşməsi gözlənilir. Bu mərasimlər dövlətin sağlamlaşdırılmasına deyil, iqtidarın hakimiyyətini möhkəmləndirməyə və əbədiləşdirməyə xidmət edir. Mənə maraqlıdır, onlar iqtisadiyyatı çökmüş, hər sahədə böhran yaşanan ölkəni idarə etməkdən necə zövq alırlar?" Bildirilir ki, Ermənistan, büdcəsində də vəziyyət kritikdir. Düşmən ölkənin gələnilki dövlət büdcəsi 1,244 trilyon dram (2,63 milyard dollar) səviyyəsində müəyyən olunub. Azərbaycanla müqayisədə bu, 3,6 dəfə az göstəricidir. Hərbi xərclərə gəlincə, Ermənistan büdcəsindən 2017-ci ildə orduya 209,7 milyard dram (439,7 milyon dollar) təşkil edir. Bu isə rəsmi Bakının Yerevandan hərbi sahəyə 2,2 dəfə daha çox vəsait ayırdığını göstərir.
Beləliklə, 2017-ci ilin də ölkə üçün yaxşı heç nə vəd edilmədiyi proqnozlaşdırılır.
Siyasətçi Ruben Vardanyan isə "Lragir" qəzetinə verdiyi müsahibədə qeyd edib ki, hakimiyyət xalqdan oğurladığı pulları xaricdə sağa-sola səpir, ölkədə isə insanlar heç gündəlik ehtiyaclarını belə ödəyə bilmirlər. Ekspert Dağlıq Qarabağ münaqişəsinin həllində erməni diplomatiyasının acizliyini ayrıca qeyd edir: "Ermənistanın xarici siyasət konsepsiyası bir-birinin ardınca aldığı ağır zərbələrdən sonra, demək olar ki, darmadağın olub. İndi bu ölkənin siyasi mühitində elə ziddiyyətli situasiya yaranıb ki, bütöv mənzərəni təsəvvür etmək xeyli çətinləşib. Xarici siyasətdəki uğursuzluqların kökü də, məhz bu reallıqda axtarılır. Bu tendensiya aprel ayındakı 4 günlük müharibədən sonra daha da güclənib. Ermənistanın siyasi hakimiyyətinin və bir qrup kütləvi informasiya vasitələrinin həmin dövrdə erməni ordusunun "böyük qəhrəmanlıq" göstərdiyini sübut etməyə çalışmasına baxmayaraq, real proseslər tamamilə fərqli mənzərəni ortaya qoyur. Birincisi, qalib orduda sürətli kadr dəyişikliyi edilməz. Əksinə, mövcud olanı tərif eləyib, daha da təkmilləşdirərlər. Ermənistan ordusunda isə aprel döyüşlərindən sonra, demək olar ki, bütün səviyyələrdə sonu görünməyən təftişlər aparılır. İkincisi, ölkənin siyasi rəhbərliyi aprel döyüşlərindən sonra bu hadisəyə qədər tutduğu mövqedən fərqli davranmağa başladı. Onlar Moskvanı və Qərb dövlətlərini ittiham edərək, lazımi səviyyədə yardım göstərmədiklərini bəyan etdilər. Serj Sarkisyanın gah Avropa, gah da Rusiyaya etdiyi nizamsız səfərləri, məhz bu çaşqınlığın əlaməti idi. Qalib ölkənin başçısı özünü belə aparmır, əvvəllər tutduğu kursu inamla davam etdirir. Serj Sarkisyan isə panikada sağa-sola ittihamlar yağdırmaqdan başqa bir iş görə bilməyib. Üçüncüsü, Ermənistan rəhbərliyi 4 günlük müharibədən sonra Dağlıq Qarabağda xəndək qazdırmaqdan savayı, xarici siyasətdə heç bir təşəbbüslə çıxış edə bilmir".
Beləliklə, görünür, S.Sarkisyan öz mənəviyyatına uyğun olanların hakimiyyətdə təmsilçiliyinin davamlı olmasına çalışır. Vurğulanan məqamlar isə bir həqiqəti ortaya qoyur: Ermənistanın xarici siyasəti tam iflasa uğrayıb və rəsmi Yerevan düşdüyü bataqlıqdan xilas olmaq üçün absurd üsullara əl atır. Ancaq onu çətin ki, qurtara bilsinlər.
Pessimist proqnozlar
Beləliklə, deyilənlər bir daha onu göstərir ki, Ermənistanı daha böyük problemlər gözləyir. Bütün bu neqativ vəziyyətin fonunda Ermənistan əhalisinin reallığı dərk edən kəsimi, artıq S.Sarkisyan iqtidarına əlvida deməyin vədəsinin çatdığını hiss etdiyindən, küçələrə axışaraq pozulan hüquqlarını, nəyin bahasına olursa-olsun, bərpa edəcəklərinə ümid edir.
A.SƏMƏDOVA