Pirallahı rayonunda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 350 nəfər rayon sakininin, o cümlədən şəhid ailələri, Qarabağ əlilləri, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə bağlı anım mərasimi keçirilib və ehsan süfrəsi verilib. Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub.
Anım mərasimində Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən danışılıb.
Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov Ümummilli Lider Heydər Əliyevin hər kəsin qəlbində özünə əbədi bir abidə ucaltdığını vurğulayıb: "Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimizin əbədiyaşar Ulu Öndərə bugünkü firavan həyat və xoş gələcəyimiz üçün borcu çoxdur. Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığı, habelə, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsinin məhz Ulu Öndər Heydər Əliyev əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırılıb".
Tədbirin sonunda rayon ziyalıları bir daha Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu qeyd ediblər və bildiriblər ki, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da işıqlı gələcəyə doğru inamla irəliləyir.
Samir