PDF Oxu

Sosial

  • 674

Binəqədi rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Binəqədi rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon icra hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən öncə iştirakçılar Ulu Öndərin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılan abidəsinə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş "Heydər Əliyev mənim üçün kimdir?" adlı xatirə stendinə ürək sözlərini yazıblar.

Tədbir Dahi Şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın əvəzsiz lideri olaraq dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov tarixə nəzər salaraq, xalqımızın böyük fəlakətlərlə üz-üzə qaldığı illəri xatırladıb: "1991-1992-ci illərdə siyasi hakimiyyətin səriştəsizliyi nəticəsində dövlətçiliyimizin və xalqımızın taleyi ciddi təhlükələrlə üz-üzə idi. O zaman xalqımızı düşdüyü bu bəlalardan xilas edəcək böyük siyasi xadimə ehtiyac duyulurdu. Belə bir vaxtda xalq Dahi Şəxsiyyət Heydər Əliyevə inanaraq, Onu böyük etimadla ölkə Prezidenti seçdi. Məhz Ulu Öndərin xilaskarlıq missiyasının başlaması ilə ölkəmiz üzləşdiyi bütün bəlalardan nicat tapdı, bu gün Onun qurub-yaratdığı müstəqil dövlətdə qürurla yaşayırıq".

Tədbirdə çıxış edən YAP-ın Siyasi Şurasının üzvü İradə Hüseynova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Fəaliyyəti dövründə daim Ümummilli Liderin diqqət və qayğısını hiss etdiyini bildirib.

Milli Məclisin deputatı Kamaləddin Qafarov da çıxışında uşaqlıq illərində şahidi olduğu və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb.

Tədbirdə "Ulu Öndərin izi ilə" Naxçıvana səfərdə iştirak etmiş 284 saylı tam orta məktəbin şagirdi İlkin Məmmədov çıxış edərək, Dahi Şəxsiyyət Heydər Əliyevlə və Onun doğulub-böyüyüb, boya-başa çatdığı Naxçıvana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Tədbirdə yekun nitq söyləyən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan tarixinin otuz ildən artıq bir dövrünün dünya miqyaslı siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlı olduğunu qeyd edib.

Tədbir Bakı Humanitar Kollecin hazırladığı bədii proqramla davam etdirilib. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayev, əməkdar artistlər Nuriyyə Hüseynova və İlkin Əhmədovun ifasında Ulu Öndərin rəğbət bəslədiyi mahnılar səslənib. Tədbir Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş kompozisiya ilə yekunlaşıb.

ZÜMRÜD

Digər xəbərlər