Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, 2016-cı ilin noyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilibdir. Ay ərzində dövlət sərhədini pozduqlarına görə 32 halda, 39 nəfər saxlanılmışdır ki, onların 20 nəfəri Azərbaycan Respublikası, 4 nəfəri Gürcüstan, 7 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Qırğızıstan, hər ölkədən bir nəfər olmaqla Nigeriya, Fələstin, Kot-Divuar vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhədə 4 halda, 7 nəfər, Xəzər dənizində 12 halda, 22 nəfər, sərhəd nəzarəti məntəqələrində 565 halda 762 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülübdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 374 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində, 14 halda, 7 kiloqram 770 qram narkotik maddə aşkar edilərək götürülübdür. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 72 halda, ümumi dəyəri təqribən 330 min manat olan qaçaqmal, o cümlədən, 2 ədəd "Şevralet" və "KİA" markalı avtomobil, 13 kiloqram gümüş, 1 ədəd beşbarmaq, 4032 qutu pirotexniki vasitə, 14 148 Azərbaycan manatı, 37 710 ABŞ dolları, 31 265 Rusiya Federasiyası rublu, 4 000 Livan funtu, 900 000 İİR rialı, 8 640 qutu müxtəlif markalı siqaret, 182 ədəd mobil telefon, 2 ədəd qayıq, 1100 ədəd müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıbdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
R.HÜSEYNOVA