Dünən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademik Çingiz Qacarın "Naxçıvan - dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabın tarixi, elmi və mədəni əhəmiyyətindən bəhs edib. Akademik İ.Həbibbəyli nəşrdə Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, tarixi inkişaf mərhələlərinin foto və arxiv materialları əsasında təqdim olunduğunu, Naxçıvana aid toponimlər, etnoqrafik araşdırmaların yer aldığını bildirib. O, yüksək elmi araşdırmalar nəticəsində ərsəyə gələn kitabın respublikanın bir çox dövlət və universitet kitabxanalarına təqdim olunduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov yüksək poliqrafik keyfiyyətlə rus dilində nəşr olunan kitabın Naxçıvan tarixinin dünya ictimaiyyətinə tanıdılması, mədəniyyətimizin təbliği istiqamətində vacib rol oynadığını bildirib.
"Nuh torpağına səyahət" adlı məruzə ilə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə kitabda qədim diyar Naxçıvanın mədəniyyəti və zəngin tarixinin əks olunduğunu diqqətə çatdırıb.
Tədbirdə Folklor İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Fizika İnstitunun direktor müavini, akademik Cavad Abdinov, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, "Xalq" qəzetinin redaktor müavini Tahir Aydınoğlu çıxış edərək, gərgin elmi araşdırmalar nəticəsində nəşr olunan kitabın türk dünyasını birləşdirən körpü rolunu oynayan Naxçıvanın dünyaya tanıdılmasında zəngin elmi mənbə olduğunu bildiriblər.
ZÜMRÜD