Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2016-cı ilin noyabr ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ay ərzində 1855 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə, müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9512 müraciət daxil olub.
Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 4 maarifləndirmə tədbiri keçirilib, o cümlədən, 80 şəxsə səyyar xidmət göstərilib. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 1 nəfər İraq Respublikası vətəndaşı Ahmad Abdulhaq İsmael saxlanılıb. Araşdırma zamanı Ahmad Abdulhaq İsmaelin İraq vətəndaşlarının təhsil adı altında xarici ölkələrə göndərilmələrini təşkil etdiyi məlum olub. Belə ki, Ahmad Abdulhaq İsmael İraqın Kərkük şəhərində fəaliyyət göstərən "Karkuk Center for Education Services" şirkətinə rəhbərlik etdiyi dövr ərzində İraq vətəndaşlarının təhsil məqsədilə İordaniya Haşimi Krallığı, Rusiya Federasiyası, Ukrayna, Malaziya, Hindistan kimi ölkələrə göndərilmələrini təşkil etmişdir. 2016-cı ildən başlayaraq, Ahmad Abdulhaq İsmael öz həmvətənlərini aldadaraq, Azərbaycan Respublikasına göndərilməsini təşkil etməyə başlayıb. Ahmad Abdulhaq İsmael ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almaq adı altında 30 nəfər İraq vətəndaşının müəyyən məbləğdə ödəniş qarşılığında Azərbaycan Respublikasına gətirilməsini təşkil edib və onları müxtəlif ünvanlarda yerləşdirib. Lakin həmin əcnəbilərin burada ali təhsil müəssəsilərinə qəbul edilmələri üçün zəruri prosedurları yerinə yetirməyib və həmvətənlərindən dələduzluq yolu ilə aldığı küllü miqdarda vəsaiti mənimsəyib. Aşkar edilmiş faklarla bağlı Ahmad Abdulhaq İsmaelin müvafiq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Samir