Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "Puşkin İnstitutu Tərəfdaşlıq Şəbəkəsi Mərkəzi"nin açılış mərasimi olub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, fondun əməkdaşları, Rusiya Federasiysının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Yaskeviç Marina İvanovna, əlavə təhsil fakültəsinin dekanı Pavliçeva Yelena Nikolayevna, Ümumi və rus dilçiliyi kafedrasının professoru Bojenkova Natalya Aleksandrovna, Rus dilinin xarici dil kimi tədrisi metodikası kafedrasının müdiri, professor Elxan Heydər oğlu Əzimov, Bakıdakı ali və orta təhsil müəssisələrinin rus dili müəllimləri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru M.İ.Yaskeviç Bilik Fondunun fəaliyyətini izlədiklərini, maarifləndirici layihələrin cəmiyyətin inkişafinda əsas rol oynadığını vurğulayıb. İnstitutun fəaliyyəti və əməkdaşlıq şəbəkəsi haqqında iştirakçılara geniş məlumat verən prorektor bildirib ki, təhsil ocağı distant tədrisin texnoloji imkanlarından faydalanmaqla rus dili müəllimlərinin ixtisasartımına və xarici dil kimi rus dilinin tədrisi sahəsində təkmilləşməyə imkan yaradır.
Sonra tərəflər arasında Bilik Fondunda "Puşkin İnstitutu Tərəfdaşlıq Şəbəkəsi Mərkəzi"nin fəaliyyətinə dair müqavilə imzalanıb.
A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu rus dilinin tədrisi, rus dili sahəsində pedaqoji kadrların hazırlanması, rus dilinin xarici dil kimi tədrisi metodikasının işlənməsi sahəsində uğurlu çoxillik təcrübəyə malikdir. İnstitutun Filologiya fakültəsində rusiyalı və xarici tələbələr təhsil alırlar: bakalavrlardan hər dördüncü tələbə və hər üçüncü magistrant xarici vətəndaşdır.
Samir