Məlum olduğu kimi, Türkiyədə qanlı terror hadisəsi baş verdi. Türkiyənin paytaxtı Ankaradakı sərgi salonlarının birində Rusiyanın ölkədəki səfiri Andrey Karlov terror aktı nəticəsində qətlə yetirilmişdir. Əksər analitiklər Rusiya səfirinin terror hadisəsi ilə əlaqədar öldürülməsini iki ölkə arasında normallaşmaqda olan münasibətləri gərginləşdirməyə xidmət etdiyini bildirirlər.
Politoloq Rüstəm Məmmədov: "Qardaş Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi insanlığa qarşı yönəlmiş terror aktıdır"
- Qardaş Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi insanlığa qarşı yönəlmiş terror aktıdır. Bütün demokratik düşüncəli dünya xalqları terror aktını pisləməlidir. Törədilən terror iki ölkə arasında istiləşməkdə olan münasibətləri yenidən əvvəlki gərgin vəziyyətinə gətirməyə hesablanıb. Amma siyasətçilər bunun təxribat olduğunu artıq bəyan ediblər. Hadisə ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə telefon açaraq terrora olan münasibətini sərt şəkildə qeyd edib və bu aktın münasibətlərin qurulmasına təsir etməyəcəyini bildirib. Ümumilikdə isə, qanlı terror hadisəsi hər iki dövlətin xüsusi xidmət sahələrinin fəaliyyətsizliyindən yaranıb. Çünki terror terrordur. Fərqi yoxdur, səfir olsun, adi vətəndaş olsun, yəni kim olur-olsun, həyatı qorunmalıdır. Ümumilikdə isə, onu demək olar ki, Türkiyədə Rusiya səfirinin terror hadisəsi ilə bağlı öldürülməsi iki ölkə arasında normallaşmaqda olan münasibətləri gərginləşdirməyəcək.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov: "Qardaş Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi təxribat və acı terror hadisəsidir"
- Bu terror Rusiya-Türkiyə münasibətlərinə qarşı növbəti qəsddir. Qardaş Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi təxribat və acı terror hadisəsidir. Terrorçunun isə vətəni olmur. Bu hadisə növbəti dəfə Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi daşıyır. İlk növbədə, bu, Türkiyəyə qarşı növbəti terrordur. Bununla, Türkiyəni təkləmək, ölkədəki vəziyyəti gərginləşdirmək, diplomatlar arasında vahimə yaratmaq, dövlətin imicinə zərbə vurmaq terrorçuların əsas məqsədidir. Bu hadisədə qalib tərəf yoxdur. Çox güman ki, Rusiya rəhbərliyi bunu gözəl bilir və bu kimi halların qarşısının alınmasında Türkiyəyə dəstək olacaq.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev: "Bu hadisənin baş verməsi bütün dünya üçün utancvericidir"
- Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi arzu olunmayan hadisə idi. Birmənalıdır ki, bu hadisənin törədilməsi Türkiyə - Rusiya münasibətlərinin normallaşmasına qarşı olan qüvvələrə sərf edir. Yəni regionda vəziyyəti gərginləşdirmək və Suriyadakı insanlığa qarşı yönələn addımların qarşısını almaq məqsədi daşıyır. Sevindirici haldır ki, Rusiya və Türkiyə rəsmlərinin bu hadisədən sonra verdikləri açıqlamalar çox təmkinlidir. Onlar qurulan tələyə düşmədiklərini nümayiş etdiriblər. Bu hadisənin baş verməsi bütün dünya üçün utancvercdir. Burada səfirin təhlükəsizliyinin təmin olunmamısına görə Türkiyəni günahlandırmaq düzgün deyil.
GÜLYANƏ