Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Səbail rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə "Fitnə" filminin nümayişi olub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Əmək və Sosial-Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, deputat Cavanşir Paşazadə, din xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar "Fitnə" filmini izləyiblər.
Çıxış edən Şəmsəddin Hacıyev "Fitnə" filminin gənclərin din pərdəsi altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində xüsusi rol oynadığını bildirib. Qeyd edib ki, tarixən din amilindən siyasi məqsədlər üçün istifadə olunub. Bu gün də islamın mahiyyətinin təhrif edilməsi və müsəlman ölkələrinin inkişafının qarşısının alınması üçün dini radikalizmdən istifadə edilir. İslam dini, əslində, günahsız insanların öldürülməsinə, savadsızlığa qarşıdır. Dini radikalizmlə və xurafatla mübarizə aparmaq üçün gənclərimizin elmli olmaları vacib şərtlərdəndir.
Eldar Əzizov çıxışında dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən "Fitnə" filminin bu mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirib. O, filmin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada islam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr, xüsusilə, gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən komitə sədri maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərəcəyini deyib. Qeyd olunub ki, dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu "Fitnə" filmi vasitəsilə dolğun şəkildə göstərilir.
Tədbirdə digər çıxış edənlər də filmin əhəmiyyətindən danışıblar.
NƏZAKƏT