Son vaxtlar İran İslam Respublikasında Cənubi azərbaycanlılara münasibətlərdə milli ayrıseçkilik güclənməyə başlayıb. Vaxataşırı bu münasibətlə üzləşən soydaşlarımıza qarşı, müxtəlif ittihamlar irəli sürülərək, həbsxanalara salınırlar. Belə şəxslərdən biri də azərbaycanlı milli mədəni fəalı Rəsul Rəzəvidir. O, İranda milli ayrıseçkiliyə qarşı öz etiraz səsini ucaltdığına görə ən qatı cinayətkar kimi həbsə atılıb. Ona qarşı haqsız ittihamları rədd edən fəal 28 gün aclıq aksiyası keçirsə də, İran rəsmilərinin etinasız münasibəti ilə qarşılaşıb. Əslində, İranın rəsmi dairələri bu kimi şəxslərin aclıq aksiyası keçirməklə, həyatlarına son qoymasını məmnuniyyətlə qarşılayırdı. Lakin Rəsul Rəzəvi kimi öz milliyyətini sevən şəxslərin İran hakimiyyətini sevindirən özünə qəsd etmək qərarından döndərilməsinə nail olunub. Məhz Azərbaycan Milli Hərəkatı ağsaqqallarının müraciətlərindən sonra aclıq aksiyası dayandırıldı. Rəsul Rəzəvinin işinə qərar verən İranın məmurları onu az qala İranın ən qatı düşməni kimi qələmə verirlər. Əslində isə, Rəsul Rəzəvi Uyğur türklərinə dəstək və anti-irqçilik nümayişlərinə qatıldığına görə həbs olunub. İranda yaşayan azəbaycanlıların demokratik və mədəni hüquqları uğrunda mübarizəsi başa düşüləndir. Otuz milyondan artıq azərbaycanlıların yaşadığı İranda azərbaycanlıların bir millət kimi mövcud olmadığını nümayiş etdirməyə çalışırlar. İranda azsaylı ermənilər öz ana dillərində təhsil aldıqları halda, azərbaycanlıların farslaşdırılması siyasəti, uzun illərdir ki, aparılmaqdadır. Artıq farslaşma siyasəti müəyyən ərazilərdə öz təsirini göstərir. Belə ki, İranda bir çox azərbaycanlı ailələrində dünyaya gələn yeni nəsil öz doğma dilində güclə başa düşür. İran hakimiyyətinin də əsl istək və niyyəti budur. Rəsul Rəzəvi kimi fəallar İranın bu gizli niyyətinin üstünü açdıqlarına və buna qarşı fəal mübarizə apardıqlarına görə, arzuolunmaz şəxslər hesab olunaraq, həbsxanalara salınırlar. Rəsul Rəzəviyə qədər yüzlərlə azərbaycanlı həbsxanalara salınıb, ondan sonra da həbsxanaya göndərilənlər var. İran rejiminin bu siyasəti aparacağı şübhə doğurmur. İran rejimi azərbaycanlıları təhlükə mənbəyi hesab etməklə, onlara həbsxanalarda əzab-əziyyət verməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycana yönələn ittihamlardan da vaz keçmir. Nardaranda baş verən hadisələr zamanı İran fəallıq nümayiş etdirərək Azərbaycan qanunvericiliyinin tələblərini pozanların həbs olunmasına özünün etirazını müxtəlif formada büruzə verirdi. Bu etirazı İran hakimiyyətinin nəzarətində olan KİV-lər də fəal qoşulmuşdu. İran milli ayrı-seçkilik zəminində həbsə atdığı azərbaycanlıları unutduğundan, ya da onları ört-basdır etmək istəyindən irəli gələrək, Azərbaycanın daxili işlərinə qarışmağı özünə rəva bilməkdədir. Əslində, İran təkcə həbs olunanlarla bağlı deyil, Azərbaycanın yürütdüyü siyasətə də vaxtaşırı etiraz etməkdədir. Azərbaycan-İsrail münasibəti rəsmi Tehranı ən çox qıcıqlandıran məqamlardır. İranın bir qarış belə torpağını işğal etməyib. Belə olan halda, Azərbaycanın İsraillə münasibət qurmasına rəsmi Tehranın münasibəti yenə də öz siyasətini ört-basdır etmək məqsədi daşıyır. Vaxtaşırı din amilini qabardan İran, Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla strateji dostluq münasibətindədir. Bu münasibəti quranda isə, nə müsəlmanlıq, nə qonşuluq, nə də işğal faktını heç yadına belə salmaq istəmir. Bu isə İranın siyasətinin, özünün bəyan etdiyi kimi, dini dəyərlər üzərində deyil, maraqlar üzərində qurulduğundan xəbər verir. Belə olan halda, İranın siyasəti Azərbaycan məsəlini xatırladır: "Öz gözündə tiri görmür, başqasının gözündə qıl axtarır".