Dünən Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bildirib ki, elmi sessiyanın məqsədi Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələri müzakirə etməkdir.
Tədbirdə AMEA rəhbəri "Elm və təhsil: problemlər və perspektivlər" mövzulu məruzə ilə çıxış edib: "Son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair, əməkdaşlıq memorandumları imzalanıb.
Son illər dövlətin, bilavasitə dəstəyi sayəsində elmdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyən akademik Akif Əlizadə "Elm haqqında" Qanunun Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmasını mühüm addım kimi dəyərləndirib.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov "Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası" mövzulu məruzə ilə çıxış edib. Nazir bildirib ki, ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan iki qurumun - Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində keçirilən bugünkü birgə tədbir xüsusi əhəmiyyətə malikdir.
Nazir bildirib ki, bu gün müstəqil dövlətimiz Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində öz inkişafını davam etdirməkdədir. Keçdiyimiz yola nəzər salanda, görürük ki, müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətlə inkişaf etmişdir.
Təhsil naziri "Tədqiqat universitetləri"nin yaradılmasının müasir dövrün ali təhsil müəssisələri qarşısına qoyduğu yeni tələblərlə bağlı olduğunu vurğulayıb. Keyfiyyətli təhsil olmadan yüksək elmi yeniliklərə də nail olmaq olmaz. Təhsil sistemi elmi yeniliklərə, yeni elmi kəşflərə açıq olmalıdır.
Çıxışının sonunda nazir təhsil müəssisələri, elmi təşkilatlar və biznes strukturlarının səylərini birləşdirərək ölkəmizdə elmin inkişafına öz töhfələrini verəcəyinə inandığını deyib.
Daha sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və təhsil naziri Mikayıl Cabbarovun məruzələrinin nəzərə alınması, elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planının hazırlanması qərara alınıb.
Elmi sessiyada AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış ediblər.
NƏZAKƏT