PDF Oxu

Sosial

  • 8 669

Azərbaycanın yeni inkişaf modelini yaradan LİDER

Azərbaycanın yeni inkişaf modelini yaradan LİDER

Beynəlxalq arenada müstəqil siyasət yürüdən, prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən Azərbaycan dünyada nüfuzlu ölkə kimi tanınır. 25 illik müstəqillik tariximizdə Azərbaycanın təhlükəsizliyə, sabitliyə və s. verdiyi töhfələrin nəticəsində BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumlara üzv olması beynəlxalq nüfuzunun göstəricisidir. Birmənalı şəkildə demək olar ki, müstəqil, demokratik dövlətin idarə olunmasının möhkəm əsaslarını, etibarlı bünövrəsini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yaratmışdır.

Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti Onun ən layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Reallıqlara nəzər salsaq görərik ki, 2003-2016-ci illərdə Azərbaycan dünya miqyasında yüksək templə inkişaf edən ölkə olub. 2003-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin "Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyərək cəmiyyətə Özünün layiqli davamçısı kimi təqdim etdiyi Prezident İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə həmin tarixi fikri təsdiqlədi. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə Onun xalqına, dövlətinə necə sadiq Lider olduğunun şahidi oluruq.

Qeyd etmək lazımdır ki, 2003-2016-ci illər Azərbaycanda sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub. Bu dövr ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atıb. Əldə olunan uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb. "Azərbaycanı daha qüdrətli, zəngin dövlətə çevirmək üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir", - söyləyən Prezident İlham Əliyev son 13 ildə atdığı addımları ilə vədinə sadiqliyini əməli fəaliyyətində təsdiqlədi. Bu gün Azərbaycan beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, siyasi sabitlik adası kimi tanınır. Ötən dövrdə əldə olunan iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın bugünkü inkişafı barədə aydın təsəvvür yaransın. 2003-cü ildən başlayaraq artıq Azərbaycanda sosial-iqtisadi inkişafda yeni mərhələ ortaya çıxıb. Möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi hər zaman önə çəkir. Regionlarda qeyri-neft sektorunun inkişafını tezləşdirmək, yoxsulluğun səviyyəsini aşağı salmaq, yeni iş yerləri yaratmaq məqsədi ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edildi. Sonrakı mərhələdə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", daha sonra isə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olundu ki, bütün bunlar uğurlu inkişafımıza səbəb oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin vurğuladığı kimi, 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir: "Biz 2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik və yaşayırıq. İqtisadiyyat üç dəfə artmışdır. Heç bir başqa ölkədə, bu qısa müddət ərzində, iqtisadiyyat üç dəfə artmayıb… Biz yoxsulluğa son qoyduq. Təxminən 50 faiz səviyyəsində olan yoxsulluq 5 faizə düşüb. İşsizlik ilə çox ciddi mübarizə aparılır. İşsizlik çox aşağı səviyyədədir. Azərbaycan regionlarının inkişafına start verildi. Dövlət proqramları icra edilməyə başlamışdır və bunun nəticəsində bölgələrdə 1 milyon 300 mindən çox iş yeri yaradılmışdır". Göründüyü kimi, sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial müdafiə və təminat sisteminin gücləndirilməsinə, sosial tələbat və ehtiyacların yüksək səviyyədə ödənilməsinə gətirib çıxarıb. Bu və ya digər amillər onu deməyə əsas verir ki, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilən Prezident İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlib.

Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - deyən Prezident İlham Əliyev ötən dövrdəki çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini bütünlüklə doğrultmuşdur. Məhz Prezident İlham Əliyev yeni dünya düzənində müdrik siyasəti və böyük bacarığı ilə Azərbaycana baş ucalığı gətirən ən qüdrətli Liderdir.

"DÜNYA BİRLİYİ BU GÜN BİZİ DƏSTƏKLƏYİR"

Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi olaraq, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizliyinin qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Ölkə başçısı Cənab İlham Əliyev çıxışlarının birində qeyd edir ki, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir: "İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var". Bəli, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir. "Bu hadisə, təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində", - deyən Prezident İlham Əliyev Azərbaycan əleyhinə birləşən qüvvələrə qarşı bu inam və diqqətin ölkəmizin gücünü və iradəsini bir daha ortaya qoymuş olduğunu vurğulayır. Bu onu bir daha təsdiqləyir ki, ölkə başçısının bildirdiyi kimi, "dünya birliyi bu gün bizi dəstəkləyir".

Prezident İlham Əliyevin ötən 13 ildə Azərbaycana rəhbərliyi dövründə cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri etdiyindən 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi. Beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun, azad, şəffaf, seçicilərin fəallığı şəraitində keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsini bir daha əks etdirdi. Ana Qanuna edilən növbəti dəyişikliklər Azərbaycanın inkişafına, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına, demokratik proseslərin dərinləşməsinə, dövlətimizin siyasi nüfuzunun artmasına və s. xidmət edəcək dəyişikliklərdir. Bütün bunlar çevik və səmərəli siyasət aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmağa, iqtisadi, siyasi səhnədə olduğu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaradacaq.

AZƏRBAYCAN ZƏNGİN MULTİKULTURALİZM MODELİNİ DÜNYAYA TƏQDİM EDİR

Davamlı və dinamik inkişafı özündə ehtiva edən, spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycan inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addımdır. Ümummilli Liderin möhkəm təməlini yaratdığı xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davamının nəticəsidir ki, bu gün Azərbaycanın səsi dünyanın ən mötəbər tribunalarından gəlir, üçrəngli bayrağımız yüksəklərə qaldırılır. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Hərtərəfli və sürətli inkişaf dövrünü yaşayan Azərbaycan bu gün dünyəvi, hüquqi və demokratik dövlət olaraq multikultural, tolerant məkan kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas elementlərindən birinə çevrilib. Dünyada dini radikalizm meyilləri artdığı zamanda Azərbaycanda vəziyyət başqa ölkələrlə müqayisədə tamamilə başqa mənzərə yaradır. Prezident İlham Əliyevin III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında qeyd etdiyi kimi, "Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur". Ölkə başçısının 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi bir daha ölkəmizdə multikutural dəyərlərə olan münasibətin təzahürüdür. İnklüziv cəmiyyətlərdə birgəyaşayışa çağırışlar edən Azərbaycan bəşəriyyətin çətin sınaqlar qarşısında qaldığı, silahlı münaqişələrin, beynəlxalq terrorizmin tüğyan etdiyi, insanların öz yurdlarını kütləvi şəkildə tərk etdikləri bir zamanda dəyərlərinə sahib çıxır. Bir sözlə, qısa müddətdə, sözün əsl mənasında, möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin Prezidentlik fəaliyyətinin xüsusi payı vardır.

Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Prezident İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanıb. Cənab Prezident sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülməsi, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunması və s. elə beynəlxalq aləmdə nüfuzunun, beynəlxalq siyasətinin məntiqi nəticəsidir. Təbii ki, bu uğurların arxasında Onun müdrik siyasəti və xalq sevgisidir.

İyirmi birinci yüzillikdə Prezident İlham Əliyev dünyada qəbul olunan görkəmli Siyasi Liderdir. Siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə təhlil edən Azərbaycan Prezidenti Azərbaycanın daha uğurlu gələcəyinə nikbinlə baxır. Gerçəklik, müdriklik, dərin analitik düşüncə, yetkin məntiqi təfəkkür Onun siyasi portretinin əsas cizgiləridir.

Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyev kimi rəhbəri olduğundan qürurlanır, Ona arxalanır, Ona güvənir. Belə bir Liderin arxasınca gedərək, Prezident İlham Əliyev siyasətini dəstəkləyir. Doğum günü ərəfəsində Prezident İlham Əliyevin Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxmış fəaliyyətini, ölkəmizin inkişafı üçün atdığı addımları diqqətdən keçirərkən, bir daha bizdə işıqlı gələcəyimizə böyük inam yaradır. Azərbaycanın belə bir Lideri olmasında biz fəxr edir və Ona ictimai–siyasi fəaliyyətində uğurlar arzulayırıq.

Kamaləddin QAFAROV,

Milli Məclisin deputatı

Digər xəbərlər