Dövlət Sərhəd Xidmətində gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi, sərhədçi peşəsinə rəğbətin artırılması məqsədilə müxtəlif tədbirlər keçirilir.
Dövlət Sərhəd Xidmətinin Təhsil Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq növbəti tədbiri Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilib. Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayon orta məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olub.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində əldə edilmiş yüksək nailiyyətlər, Vətən sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, Akademiyanın yaranma tarixi və inkişafı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması istiqamətində qazanılmış müsbət nəticələr barədə məktəblilərə ətraflı məlumat verilib.
Şagirdlər Akademiyada yaradılmış şəraitlə və təlim-tədris prosesi ilə yaxından tanış olub, kursantlarla söhbət edilib.
Tədbirin sonunda Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunmuş sənədli film nümayiş etdirilibdir.
Ü.ƏSGƏROV