Şərur şəhərindəki "Bahar" kinoteatrında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının yaradılmasının 35 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənətin bütün sahələrinə göstərilən diqqət və qayğı mədəni yüksəlişi təmin edib. Azərbaycan teatrının inkişafı, teatrlarımızın yaradıcılıq axtarışlarının genişləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Teatra, sənət adamlarına böyük diqqət və qayğı göstərən Ulu Öndərin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Görkəmli dövlət xadimi teatr sənətinə yüksək qiymət verərək deyirdi: "Teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsində böyük rol oynamışdır".
Mədəniyyət müəssisələrinə diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı ildə qəbul olunmuş "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, ölkə başçısı tərəfindən imzalanan "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir.
Natəvan Qədimova deyib ki, Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir: "Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu gün regionda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır".
Vurğulanıb ki, 2006-cı ildə özünün 25 illiyini qeyd edən teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının birinci ümumrespublika baxış-müsabiqəsində iştirak edərək 54 teatr kollektivi arasında ikinci dərəcəli diplomla təltif olunub: "2015-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının baxış-müsabiqəsində teatr Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin motivləri əsasında hazırlanmış "Yuxu" tamaşasına görə müsabiqənin ikinci dərəcəli diplomuna layiq görülüb. Kollektivin üzvlərinin əməyi dövlətimiz tərəfindən fəxri adlarla və dövlət mükafatları ilə qiymətləndirilib. Tədbirin bədii hissəsində xalq teatrının müxtəlif illərdə hazırladığı tamaşalardan parçalar göstərilib və teatrın tarixi ilə bağlı videoçarx nümayiş etdirilib".
Tədbirin sonunda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva və Nəsimi Məmmədzadənin xalq folkloru əsasında səhnələşdirdiyi "Toy" tamaşasının nümayişi olub. Yubiley tədbirindən sonra kollektivlə görüşən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Şərur rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov teatrın üzvlərini təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıblar.
Samir