AMEA-nın Mərkəzi-Elmi Kitabxanasının Azərbaycan ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib.
MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Azərbaycan ədəbiyyatı fondunun əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd MEK-də mühafizə olunan zəngin ədəbiyyatı, Azərbayacan haqqında həqiqətləri geniş ictimaiyyətə çatırmaqdır.
Kitabxananın Fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova təqdimatla çıxış edib. Sovet dönəmində hakim ideologiyanın təsiri, rusdilli əhalinin çoxluğu, milli dildə kitab nəşrinin azlığı və başqa səbəblər üzündən azərbaycan dilində ədəbiyyata oxucuların az müraciət etdiyini bildirən X.İsmayılova indi tam əksinin müşahidə olunduğunu bildirib. Təqdimatda MEK-in Azərbaycan dilində ədəbiyyat fondunda 90 minə yaxın kitab mühafizə olunduğu qeyd edilib.
"Məhsəti şairlər məclisi" idarə heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman qadın yazıçıların kitab sərgilərinin keçirilməsi, əsərlərinin dərsliklərə salınması təklifi ilə çıxış edib. Bununla yanaşı, Fəridə Ləman və "Məhsəti şairlər məclisi"nin digər üzvləri müəllifi olduqları kitabları MEK-ə hədiyyə ediblər.
Cənubi Azərbaycandan qonaq gəlmiş araşdırmaçı Məhəmməd Bəhmənifər İran kitabxanalarında mövcud olan türk ədəbiyyatı nümunələrinin tədqiqinin vacibliyindən, tarixə işıq tutacaq yeni mənbələrin aşkarlanmasının əhəmiyyətindən danışıb.
ZÜMRÜD