İlham Əliyev: "Azərbaycan öz hesabına yaşayır, heç kimə borclu deyil, heç kimdən asılı deyil"
Azərbaycanın son on üç ildə əldə etdiyi möhtəşəm, əzəmətli inkişafı ölkə Prezidenti İlham Əliyevin adı və Onun bilavasitə həyata keçirdiyi düşünülmüş siyasətlə bağlıdır. On üç il tarix baxımından qısa bir dövr ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb və bu, inkişafımızın əsasında dayanan fundamental, ciddi amildir.
Dayanıqlı və davamlı iqtisadi inkişaf
Bu illər ərzində Azərbaycanda həyat günbəgün dəyişir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda insanların düşüncələri dəyişib. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salaq: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm."
Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 13 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan Dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Dövlət başçısı əldə olunan nailiyyətlərinə görə Azərbaycanın dünya miqyasında böyük nüfuza malik dövlət olduğunu demişdir: "Bir neçə il əvvəl dünyanın 155 ölkəsi bizə böyük etimad göstərərək BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçib. Ölkəmizdə humanitar məsələlər həllini tapır. Biz bu məsələlərə çox böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Məcburi köçkünlərin problemləri həllini tapıb, 90-dan artıq qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər, mənzillər verilib. Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb. Bizim böyük valyuta ehtiyatlarımız var, onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılıb. Bu gün həm işsizlik, həm də yoxsulluq ölkədə 5 faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir".
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsinin təbii resurslarla bağlı olmasına baxmayaraq, neftin qiymətinin kəskin düşməsi nəticəsində Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir: "Mənə məlumat verildi ki, Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 37-ci yeri tutmaq gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçib, dərin siyasi və iqtisadi böhran yaşanırdı, qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. Bu, çox acı statistikadır, amma bu belədir, bu da bizim maliyyə resurslarımızı cəlb edir. Buna baxmayaraq, düzgün istisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibət, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edə bilir".
Prezident İlham Əliyev əlavə edib: "Biz fəxr edə bilərik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir, gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq və istəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Forumunun keçirilməsi bu niyyətin bir hissəsidir"
13 il 1 milyon 400 min iş yeri
Son 13 ildə Azərbaycan bir çox ölkələrə nümunə göstərilə bilən əldə etdiyi uğurlardan biri də yeni iş yerlərinin açılması olub. Bu isə təsadüfi deyil. Hələ 2003-cü ildə prezidentliyə namizəd olan Cənab İlham Əliyev dövlət başçısı seçiləcəyi halda ölkədə 1 milyon yeni iş yerinin açılacağı vədini vermişdi. Amma Prezidentin bu vədinə 5 ildə yox, 4 ildə əməl etməsindən sonra heç kəsdə şübhə qalmadı ki, Prezident İlham Əliyevin Azərbaycanda yeni iş yerlərinin açılması ilə bağlı xalqa verdiyi söz quru təbliğat yox, hakimiyyətin düşünülmüş sosial-iqtisadi inkişafa hesablanan dövlət siyasətidir. Məhz bu siyasətin nəticəsində 15-20 il əvvəl iş yerinə və məişət problemlərinə görə boşalmış kəndlərimiz, rayon mərkəzlərimiz yenidən dirçəlir, uzun illər sahibsiz qalmış sahələr yenidən əkilib-biçilir. Prezident İlham Əliyev çıxışlarında iş yerlərinin açılmasının daimi proses olmağını bildirib: "Azərbaycanda, ümumiyyətlə, son 13 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür".
"Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
Ölkəmizdə vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşması orta aylıq əmək haqqının dinamikasında da özünü göstərir. Son on üç ildə respublika üzrə orta aylıq əmək haqqı on dəfəyə yaxın artaraq 44.3 manatdan 380 manata yüksəlmişdir. Əhalinin sosial rifahı halının yüksəlməsi minimum əmək haqqının dinamikasında özünü daha qabarıq şəkildə göstərir. Minimum əmək haqqı 2000-ci ildə 1.1 manat təşkil edirdisə, bu göstərici ötən il 93.5 manat təşkil etmişdir. Pensiyaların orta aylıq məbləğinin artım dinamikası, orta aylıq əmək haqqı və orta aylıq pensiya nisbəti də son illərdə müsbət istiqamətdə sürətli şəkildə dəyişməkdədir. Orta aylıq pensiya 2000-ci ildə 117 manat yüksəlmiş, başqa sözlə, 10 dəfədən çox artmışdır. Pensiya sahəsindəki uğurlu islahatlardan danışarkən 2011-ci ildə cənab Prezident İlham Əliyevin tapşırığı ilə 2006-cı ildən qabaq pensiyaya çıxanlarla, 2006-cı ildən sonra pensiyaya çıxanların pensiyaları arasındakı uyğunsuzluğun aradan qaldırılması sahəsindəki işləri mütləq qeyd etmək lazımdır.
Qısqanclıqla qarşılanan həqiqətlər
Göründüyü kimi, məhz ölkə Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, dünyada qlobal maliyyə böhranına baxmayaraq Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat, o cümlədən "Azadlıq" qəzeti əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada bir sıra müxalifət funksionerləri, mətbuatı Azərbaycanda əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı son sərəncamları, son olaraq Tarif Şurasını qərarını öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərirlər. Əgər ölkəmizdə son 13 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsini nəzərə alsaq bu iddianın düzgün olmadığını görmüş olarıq. Ümumilikdə, 2003-2013-cü illərdə minimum əməkhaqlarının artırılması barədə 12 sərəncam imzalanıb. Nəticədə minimum əməkhaqqı 11,7 dəfə artırılaraq 2013-cü ildə 105 manata çatdırılıb. Nəzərə alınmalıdır ki, 2003-2013-cü illərdə minimum əmək haqqının artımı üçün verilən 12 sərəncamın cəmi 3-ü prezident seçkisi ilinə təsadüf edib. Sözsüz ki, onların təxribatçı təbliğatının hansı məqsədə qulluq etdikləri bəllidir. Bu baxımdan elementar bir müqayisəni vermək istərdim. Əgər Azərbaycanda 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollar təşkil edirdisə, Ermənistanın dövlət büdcəsi isə 2,5 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 4.8 milyard dollardır. Bu da ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstandan 5 dəfə çoxdur.
Son 13 ildə ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb
Son illərdə dövlət başçısının elan etdiyi "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttə uyğun olaraq respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkəmizdə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir.
Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti bu gün də davam edir. Belə ki, cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib.
Beləliklə, bütün bunlar isə o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah halı daim yüksələcək.
RƏFİQƏ KAMALQIZI