PDF Oxu

Sosial

  • 1 048

"Sülh platforması" – baş tutacaq, yoxsa pozulacaq?

"Sülh platforması" – baş tutacaq, yoxsa pozulacaq?

TEZİS ƏSASINDA

Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağda erməni təxribatı olacaqsa, bu gün Azərbaycan Ordusu əvvəlki dövrlərə nisbətən bu təxribatlara cavab verməyə daha çox hazırdır"

"Ermənilərin Azərbaycana marağının artması, Azərbaycanda yaradılmış "Sülh platforması" Ermənistan rəsmilərini hərbi təxribata vadar edən səbəblərdəndir. Azərbaycanın Ermənistana düşmənçilik etməsi barədə kilişelərin işə düşməsi və erməniləri qorxutmaq üçün Serj Sarkisyan hərbi təxribata əl atmalıdır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu mediaya yaydığı növbəti proqnozunda deyib.

Politoloqun fikrincə, MDB məkanında münaqişəli regionlarda yenidən müşahidə olunan aktivlik fonunda Ermənistanın hərbi insidentlərdən istifadəsi çox ehtimallıdır: "Dağlıq Qarabağda erməni təxribatı olacaqsa, bu gün Azərbaycan Ordusu əvvəlki dövrlərə nisbətən bu təxribatlara cavab verməyə daha çox hazırdır".

""Sülh platforması"na ciddi dəstək verərlərsə, bu, müharibənin qabağını ala bilən faktor ola bilər"

"Amma bununla paralel olaraq çox maraqlı vəziyyət yaranıb"-deyə qeyd edən M.Əhmədoğlunun fikrincə, əgər beynəlxalq ictimaiyyət, Rusiya başda olmaqla ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün "Sülh platforması"na ciddi dəstək verərlərsə, bu, müharibənin qabağını ala bilən faktor ola bilər".

M.Əhmədoğlu hesab edir ki, bu Ermənistana beynəlxalq ictimaiyyətin mövqeyinin nümayişi olacaqdır: "Beynəlxalq ictimaiyyət Ermənistana nümayiş etdirir ki, ermənilərlə azərbaycanlıların dialoqunun tərəfdarıdır. Hər iki cəmiyyətin üzvləri sülh axtarışlarını dəstəkləyir. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında əməkdaşlığı və dialoqu alqışlayırlar".

"Etimad tədbirləri Aİ üçün ən vacib məsələdir"

M.Əhmədoğlu onu da istisna etməyib ki, bu prosesdə Avropa strukturlarının vacib rolu ola bilər. Belə ki, Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun funksiyasına müdaxilə etməmək şərti ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivləşmək kursu götürüb: "Ona görə də etimad tədbirləri Aİ üçün ən vacib məsələdir. Etimad tədbirləri dedikdə Ermənistan və Azərbaycan vətəndaşları, iki ölkənin vətəndaş cəmiyyətlərinin müxtəlif sosial strukturları, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında əlaqələrin qurulması başa düşülür".

M.Əhmədoğlu sülhün əldə edilə biləcəyi təqdirdə, regionda yeni inkişaf mərhələsinin başlanğıcının reallaşacağını da qeyd edib. Bu baxımdan, Avropa İttifaqının ölkəmizdəki səfiri Malena Mardinin adıçəkilən platforma ilə bağlı mövqeyindən geri çəkilməsi bu amilə zərbə vurur: "Erməni və Azərbaycan xalqları ortalığa sülh qoymaqla regionun inkişafına və sabitliyinə böyük töhfə vermiş olacaqlar. Aİ-nin Azərbaycandakı səfiri Malena Mardın "Sülh platforması" ilə bağlı mövqeyindən geri çəkilməsi sülhə və etimad quruculuğu tədbirlərinə ciddi zərbədir. Sülhü dəstəkləmək müharibəni dəstəkləməkdən daha çətindir. M.Mard bu çətinliyə dözməli idi".

M.Əhmədoğlu son olaraq bildirib ki, ATƏT Dağlıq Qarabağ tənzimlənməsində müharibənin əleyhinədir, sülhü də dəstəkləmir. Aİ isə həm müharibənin, həm də sülhün əleyhinədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər