Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Tədris-Metodik Şurasının qərarı ilə 2016-cı ildə fakültənin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mehmanəli Məmmədovun "Azərbaycanda texniki kitabxanaların-inkişafı" adlı monoqrafiyası çap olunmuşdur.
Monoqrafiyanın elmi redaktoru Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, əməkdar elm xadimi, BDU-nun fəxri professoru, tarix elmləri doktoru Abuzər Xələfov, redaktor Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov olmuş, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Qurbanov və tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi monoqrafiyaya rəy yazmışlar. Belə bir yüksək elmi səriştəyə malik heyətin birgə əməyi nəticəsində, Azərbaycanda elmi-texniki kitabxanalar sistemi həm elmi, həm də təcrübi baxımdan tədqiq edilərək fundamental monoqrafik əsər meydana gəlmişdir.
Azərbaycanda vahid kitabxana sisteminin ayrıca bir şəbəkəsi kimi formalaşan texniki kitabxanalar sisteminin yaranması və inkişafı tarixi, bu kitabxanaların funksiyaları və vəzifələri, maddi-texniki bazası və kadr təminatı, kitabxana fondlarının formalaşdırılması, soraq-axtarış aparatı, kitabxana-informasiya xidmətinin təşkili, elmi-texniki kitabxanaların elmi-innovasiya və metodik fəaliyyəti müfəssəl şəkildə tədqiq edilmiş və əldə edilmiş elmi nəticələr ümumiləşdirilərək ön söz, 6 fəsil, Azərbaycan Respublikasında fəaliyyət göstərən texniki kitabxanaların qısa icmalı və monoqrafiyanın yazılmasında müraciət edilmiş Azərbaycan və rus dilində mənbələr-istifadə edilmiş ədəbiyyat siyahısından ibarət strukturda geniş ictimaiyyətin diqqətinə təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda elmi-texniki kitabxanalar şəbəkəsi müxtəlif vaxtlarda müxtəlif alimlər, tədqiqatçılar tərəfindən araşdırılsa da, bu epizodik xarakter daşımış və ilk dəfə olaraq, bu monoqrafiyada dosent M.Məmmədovun uzunmüddətli tədqiqatının, gərgin əməyi və böyük zəhmətinin nəticəsində elmi- texniki kitabxanaların formalaşması və inkişafı tarixi, bütün fəaliyyət istiqamətləri daha geniş və müfəssəl şəkildə əhatə edilmişdir.
Ön sözdə müəllif respublikamızın böyük tarixə malik olan müvafiq sahənin mütəxəssislərinin informasiya tələbatının ödənilməsində, ümumiyyətlə, ölkəmizdə texniki kadrların yetişdirilməsində, elmi-texniki tərəqqidə böyük xidmətləri olan texniki kitabxana şəbəkəsinin tədqiqinin əhəmiyyətini qeyd etmiş, Azərbaycanda ilk elmi-texniki kitabxananın XIX əsrin axırları, XX əsrin əvvəllərində yaranması, neft sənayesi işçilərinə xidmət edən 1895-ci ildə Qaraşəhərdə açılan A.S. Doroşenko adına Kitabxana- Qiraətxana haqda məlumat vermiş, ayrı-ayrı texniki kitabxanaların yaranması və bugünümüzə qədər keçdiyi inkişaf tarixinə bir nəzər salmış, son illərdə texniki kitabxanaların fəaliyyətində mövcud durğunluq və problemləri də qeyd etmişdir.
"Azərbaycan Respublikasının texniki kitabxanalar sistemi" adlanan birinci fəsildə bölmələr üzrə texniki kitabxanaların funksiya və vəzifələri, elmi və elmi-texniki kitabxana şəbəkələrinin formalaşması və inkişafı, maddi-texniki bazası və kadr təminatı, texniki kitabxanalarda kitabxana-informasiya texnologiyalarının işlənməsi və tətbiqi, kitabxanalararası abonement (KAA) sisteminin və normativ-texniki sənədlər fondunun təşkili məsələləri ətraflı şəkildə əksini tapmışdır.
II fəsil "Elmi-texniki kitabxana fondlarının formalaşması" adlanır və burada texniki kitabxanaların komplektləşdirmə xüsusiyyətləri, fondun uçotu, elektron vasitələrlə təşkili və mühafizəsi, məzmunca və fiziki cəhətdən köhnəlmiş ədəbiyyatın fonddan çıxarılması, az istifadə edilən ədəbiyyatın depozitar fonda verilməsi, fondun yoxlanılmasından bəhs edilmişdir. Müəllif haqlı olaraq, qeyd edir ki, elmi-texniki kitabxanaların fondları tərkibinə görə digər kitabxanaların fondlarından xeyli dərəcədə fərqlənir. Belə fondlarda patentlər, normativ-texniki sənədlər, istehsal plakatları, elmi-texniki icmallar, sənaye məlumatı kataloqları, elmi-texniki hesabatlar üzrə referativ jurnallar və s. saxlanılır. Bunu nəzərə alaraq, bu fondların uçotu, təşkili, mühafizəsi və sənədlərdən istifadə qaydaları haqda elmi-təcrübi məlumatların verilməsi, zənnimcə, müvafiq sahə üzrə çalışan mütəxəssislər üçün çox faydalı olacaqdır.
Monoqrafiyanın III fəslində elmi-texniki kitabxanaların informasiya resurslarının sistemli təhlili verilmiş, elmi-texniki ədəbiyyatın, patent və standartların, mikroformatların işlənməsi xüsusiyyətləri haqqında geniş informasiya əhatə edilmişdir.
Elmi-texniki kitabxanaların soraq-axtarış aparatı, onun təşkili və strukturu, kataloq və kartotekaların təşkili, elektron nəşrlərin biblioqrafik təsviri, biblioqrafik xidmətin əsas istiqamətləri barədə məlumatlar monoqrafiyanın IV fəslində təqdim edilmişdir. Burada kataloq və kartoteka üçün tərtib edilən pasportların nümunəsi, ənənəvi və elektron-texniki sənədlərin biblioqrafik təsvir qaydaları və təsvirə dair nümunələrin verilməsi iş prosesinin düzgün şəkildə qurulması və sənədlərin düzgün tərtib edilməsində mütəxəssislərin işini asanlaşdırır.
"Elmi-texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili" adlı V fəsildə elmi-texniki kitabxanalarda xidmətin təşkili xüsusiyyətləri, mütəxəssislərə kitabxana- informasiya xidmətinin əsas istiqamətləri, forma və üsulları, KAA ilə xidmət və onun texnoloji baxımdan təkmilləşdirilməsi, informasiyanın seçilmiş yayılması rejimində xidmət və sorğu-cavab rejimində xidmət prosesi haqqında geniş informasiya oxucuların nəzərinə çatdırılmışdır. Mütəxəssislərin informasiya sorğusu kartının forması, informasiyanın seçilmiş yayılması rejimində abonementin qeydiyyat kartı, sorğu-cavab rejimində verilən sorğuların uçot jurnalının forması, nəzarət vərəqinin formasının təqdim edilməsi nəzəri biliklərin əyani formada təcəssümü olub, mütəxəssislərə metodik köməklik etməklə yanaşı, ayrı-ayrı texniki kitabxanalarda həyata keçirilən sənədləşmə işlərinin vahid şəkildə tərtibinə səbəb olacaqdır.
Qeyd etmək lazımdır ki, metodik fəaliyyətin düzgün qurulması kitabxananın bütün istiqamətlər üzrə fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edir. Odur ki, monoqrafiyanın sonuncu fəslinin elmi-texniki kitabxanaların elmi innovasiya və metodik fəaliyyətinə həsr edilməsi məqsədəuyğun hesab edilir. Burada metodik təminatın məzmunu, əhəmiyyəti və vəzifələri, metodik fəaliyyətin funksiya və prinsipləri, metodik təminatın əsas istiqamətləri əhatə edilmişdir.
Sonda Azərbaycan respublikasında fəaliyyət göstərən texniki kitabxanaların qısa icmalı verilmişdir. Burada təkcə texniki kitabxanaların siyahısı deyil, onların yaranma tarixi, ünvanı, kitabxananın əsas göstəriciləri olan fondun həcmi, oxucuların sayı, oxucu gəlişi və kitab verilişi haqda informasiyalar əks olunmuşdur. Adları çəkilən 15 kitabxana arasında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Elmi-Texniki Kitabxanası, Azərinşaat Layihə İnstitutunun Texniki Kitabxanası, Heydər Əliyev adına Neft Emalı Zavodunun Elmi-Texniki Kitabxanası, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin Elmi-Texniki Kitabxanası, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun Elmi-Texniki Kitabxanası və s. haqqında məlumat verilmişdir.
Təhlil zamanı görürük ki, monoqrafiyanın müsbət cəhətlərindən biri də odur ki, Azərbaycanda elmi-texniki kitabxanalar şəbəkəsi müfəssəl şəkildə bu əsərdə tədqiq edilərək, təkcə nəzəri informasiyalar deyil, əyani vasitələr də diqqətə çatdırılmış, bu kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına dair metodik tövsiyələr təqdim edilmiş, respublikada fəaliyyət göstərən texniki kitabxanalarla maraqlanan mütəxəssis-oxucular üçün icmal xarakterli faydalı məlumatlar təqdim edilmişdir.
Monoqrafiyanın digər bir özəlliyi də ondadır ki, kitabxana ictimaiyyəti üçün əlamətdar olan bir tarixdə-milli kitabxanaşünaslıq elminin banisi, BDU-nun fəxri professoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, Xələfov Abuzər Alı oğlunun 85 illik, müəllif, pedaqoji elmlər namizədi, dosent Mehmanəli Məmmədovun isə 60 illik yubileyi ərəfəsində işıq üzü görmüşdür. Bu, həm Abuzər müəllimin yaratdığı milli kitabxanaşünaslıq elmi məktəbinin növbəti uğuru, həm də bu məktəbin layiqli yetirməsi olan Mehmanəli Məmmədovun 30 illik elmi-pedaqoji fəaliyyətinin bir növ yaradıcılq hesabatı, məhsuldar və gərgin əməyinin dəyərli bəhrəsidir.
Belə monumental əsərin işıq üzü görməsi Azərbaycanda kitabxana işinin, elmi-texniki kitabxanalar şəbəkəsinin inkişafına, eləcə də milli kitabxanaçılıq resursları bazasına çox samballı bir töhfədir. Hesab edirəm ki, monoqrafiya sahənin mütəxəssisləri, elmi- tədqiqatçılar, alimlər, tələbələr və geniş kitabxana ictimaiyyəti üçün faydalı elmi mənbə olmaqla yanaşı, onların stolüstü kitabına çevriləcək və onların həm elmi, həm təcrübi, həm də tədris fəaliyyətində mükəmməl bir bələdçi olacaqdır.
Monoqrafiyanın çapı münasibətilə bütün kitabxana ictimaiyyətini və müəllifi təbrik edir, yeni elmi-yaradıcılıq uğurları arzulayır, növbəti elmi-tədqiqat əsərlərini gözləyirik.
Abdullayeva Adilə,
Azərbaycan Milli Kitabxanasının şöbə müdiri,
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı