Dekabrın 23-24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İntourist Travel" şirkətinin təşkilatçılığı ilə "Sinam" MMC tərəfindən Qax rayonunda yerləşən "İlisu Snow Tubing Park" Qış-Yay Turizm Kompleksinin açılışı münasibətilə infotur təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, Azərbaycanda fəaliyyət göstərən bir qrup turizm şirkəti və KİV nümayəndələrinin iştirakı ilə baş tutan səfərin birinci günü iştirakçılar Qax rayonunun turizm potensialı ilə tanış olublar.
İnfoturun ikinci günü isə iştirakçılar "İlisu Snow Tubing Park" Qış-Yay Turizm Kompleksinin fəaliyyəti ilə yaxından tanış olaraq, burada təklif edilən xidmət növləri, onların qiymətləri barədə ətraflı məlumat alıblar.
"Snow Tubing" qış aylarında əyləncə, adrenalin sevənlər üçün ən ideal idman-əyləncə növüdür. "Snow Tubing"lərdən ilk dəfə 1820-ci ildə Alp dağlarında istifadə olunub. Daha sonralar "Snow Tubing" ildən-ilə Amerikada məşhurlaşsa da Azərbaycanda ilk dəfə olaraq kompleks halında 2016-cı ilin dekabr ayından əhalinin istifadəsinə verilib.
Qax rayonunun füsunkar təbiəti turistləri ilin bütün fəsillərində məftun edir. Rayonda "İlisu Snow Tubing" Turizm Kompleksinin istifadəyə verilməsi isə Qax rayonunda yay turizmi ilə yanaşı, qış turizminin də inkişafına kömək olacaq.
ZÜMRÜD