Dünən AMEA-nın əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son illər Azərbaycan folklorşünaslığını milli ictimai-humanitar elmlər içərisində xüsusi inkişaf edən sahələrdən biri kimi qiymətləndirərək, bu istiqamətdə AMEA-nın Folklor İnstitutunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
Akademik İ.Həbibbəyli folklorun funksional struktur aspektindən multidisiplinar tədqiqinin müasir humanitar elmlərin nəzəri-metodoloji axtarışları baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Hazırda multidisiplinar araşdırmalar Azərbaycan elminin əsas prioritetlərindən biridir. Özündə xalqın tarixi təcrübəsini, mifik görüşlərini, dini inanclarını, estetik baxışlarını əks etdirən folklorun multidisiplinar tədqiqi, xüsusilə, zəruridir. Çünki xalqın bütöv mahiyyətinin hərtərəfli şəkildə təcəssüm olunduğu folklor xəzinəsi multidisiplinar yanaşma olmadan, kompleks tədqiq oluna bilməz".
Konfransda Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək, konfransın əhəmiyyətinə toxunub. Azərbaycan folklorşünaslığında folklorun nəzəri aspektdən araşdırılmasının mühüm istiqamətlərdən biri olduğunu deyən AMEA-nın müxbir üzvü M.İmanov hazırda folklorun tamamilə yeni məzmun kəsb etdiyini vurğulayıb.
Dünya folklorşünaslığında multidissiplinarlığın zəngin təcrübəsinin olduğunu deyən institut direktoru bu irsin filoloji olmaqla bərabər, antropoloji, sosioloji, kulturoloji, psixoloji və s. aspektlərdən öyrənilməsinin zəruriliyini vurğulayıb.
Sonra konfransda filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "Folklorun funksional strukturunun multidisiplinar analizi", filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev "Ənənəvi folklordan virtual folklora: evolusion yanaşma, problem və prespektivlər", filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev "Məna axtarışı müstəvisində psixoanaliz və folklor" mövzusunda çıxış edib.
Tədbirin yekununda folklorun funksional strukturunun multidisiplinar aspektlərinin öyrənilməsinin zəruriliyi vurğulanıb.
NƏZAKƏT