PDF Oxu

Sosial

  • 814

Evsizlərin mənzil arzuları reallaşır

Evsizlərin mənzil arzuları reallaşır

Prezident İlham Əliyev: "Müəyyən səbəblər üzündən mənzil ala bilməyən vətəndaşlar da Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində mənzil ala biləcəklər"

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış genişmiqyaslı islahatlar ölkəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, əhalinin maddi rifahının artmasına xidmət edib. Həyata keçiriən uzaqgörən siyasət sayəsində bir çox sosial məsələlər öz həllini tapıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Məhz Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri də ölkə əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə də, aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edilib. Son illər ərzində, əhalinin müxtəlif kateqoriyalarının mənzil ehtiyaclarının dövlət tərəfindən ödənilməsi sahəsində bir çox layihələr uğurla həyata keçirilib, 2003-2015-ci illərdə dövlət vəsaiti hesabına tikilmiş mənzillərin ümumi sahəsi 3 milyon 200 min kvadratmetr olub.

Bununla yanaşı, vətəndaşların yaşayış sahələrinə olan tələbatının təmin olunması məqsədilə 2005-ci ildə ölkədə uzunmüddətli ipoteka kreditləşməsini həyata keçirmək üçün Azərbaycan İpoteka Fondu yaradıldı. Həmin ildən başlayaraq, bu günə qədər fond vasitəsilə 18 mindən çox ailəyə 730 milyon manatdan çox ipoteka krediti verilib.

Bu sahədə ardıcıl siyasəti davam etdirərək, ölkədə yaşayış binalarının tikilməsini təşkil etmək və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillər əldə etməsi üçün şərait yaratmaq məqsədilə Prezident İlham Əliyev bu il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında Fərman imzaladı. Məhz bu prosesin davamı olaraq inşaat işlərinə başlamaq üçün hazırlıqlara başlanıldı. Bunun nəticəsidir ki, artıq Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin iki bloklu doqquzmərtəbəli, 12-sinin isə bir bloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq. Kompleksin ərazisində vətəndaşların rahat yaşayışını təmin etmək məqsədilə 240 nəfərlik uşaq bağçası, 960 şagird yerlik tam orta məktəbi də əhatə edən müvafiq sosial infrastrukturun yaradılması, habelə, ictimai iaşə, məişət və xidmət obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Kompleksin tikintisi üçün seçilmiş məkanın üstünlüklərindən biri də onun paytaxtın əsas iş yeri mərkəzlərinə yaxın yerləşməsidir. Bununla yanaşı, ərazidə yaradılacaq yeni nəqliyyat infrastrukturunun Bakının mövcud yol və ictimai nəqliyyat şəbəkəsi ilə inteqrasiyası nəzərdə tutulur. Bu isə sakinlərin çox vaxt itirmədən istədikləri yerə çatmalarına imkan verəcək.

İnşa olunacaq mənzillərin vətəndaşlar tərəfindən alınması prosesində səffaflığın təmin edilməsinə xüsusi diqqət göstəriləcək. Bu məqsədlə "Elektron hökumət" portalında "Güzəştli mənzil" elektron sistemi yaradılacaq. Bu sistem vətəndaşlara virtual "şəxsi kabinet" yaratmaq yolu ilə qeydiyyatdan keçmək və gələcəkdə növbəlilik prinsipinə əsasən, müvafiq xidmətlərdən faydalanaraq, mənzil əldə etməyə əlverişli şərait yaradacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən fəaliyyətə başlayacaq.

Layihənin təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, müəyyən səbəblər üzündən mənzil ala bilməyən vətəndaşlar da Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində mənzil ala biləcəklər: "Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, imkanlı təbəqə, yoxsul təbəqə, aztəminatlı vətəndaşlar var və onların problemlərinin həllini dövlət öz üzərinə götürür. Artıq qeyd etdiyim kimi, müxtəlif sosial proqramlar icra olunur və mənzil təminatı da, əlbəttə ki, hər bir ailənin həyatında xüsusi yer tutan amildir. İmkanlı vətəndaşlar özlərini mənzillərlə, evlərlə təmin edirlər, ancaq buna imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir. Bu gün bu layihənin başlanması bunun əyani sübutudur. İlk növbədə, şəhid ailələrinə, müharibə veteranlarına, gənc mütəxəssislərə, müəllimlərə, alimlərə, hərbçilərə, bu kateqoriyadan olan vətəndaşlara bu yaşayış kompleksində güzəştli şərtlərlə mənzillər veriləcək. Şərtlər, doğrudan da, çox güzəştlidir, uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər".

Əlbəttə ki, sosial evlərin inşası insanların mənzil arzusunu reallaşdırmaqla yanaşı, həmçinin, inşaat sektorunun inkişafına da müsbət təsir göstərəcək, tikinti materialları istehsalını stimullaşdıracaq, yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Son illər ərzində Azərbaycanda tikinti materialları istehsal edən bir çox müəssisələr yaradılıb, zavodlar inşa edilib. Aparılan təhlillər göstərir ki, çoxmənzilli binaların tikintisində istifadə olunacaq inşaat materiallarının 80-90 faizinin, məhz yerli istehsal hesabına təmin edilməsi mümkündür. Həyata keçirilən layihələr bu sahədə çalışan sahibkarlara öz istehsal həcmlərini bərpa etməyə, bazarda mövqelərini daha da möhkəmləndirməyə kömək edəcək. Hətta "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi" də bu sahədə işlərin səmərəliliyinin artırılmasına böyük və əvəzolunmaz bir töhfədir.

Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycanda sosial mənzillərin tikintisi layihəsinə ayırdığı xüsusi diqqətin nəticəsidir ki, artıq ilk yaşayış massivinin təməli qoyuldu. Mərasimdə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı isə aztəminatlı ailələrə göstərilən böyük qayğının təzahürü oldu.

"Səs" Analitik Qrupu

Digər xəbərlər