Milli Məclisin deputatı Astan Şahverdiyevin Rusiyada yaşayan, oraya işləməyə gedən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlər, sözün əsl mənasında, geniş rezonansa səbəb oldu. Deputatın səsləndirdiyi fikirlərə görə vətəndaşlarımızın aqressiyasını başa düşmək olar. Bu məsələdə bir neçə vacib nüans var. Əvvəla, zaman-zaman "Azadlıq radiosu", "Azadlıq" qəzeti və digər radikalyönümlü mətbu orqanlar müxtəlif məmurların və deputatların fikirlərini təhrif edərək, insanlarda iqtidara qarşı qıcıq yaratmağa çalışıblar. Bütün bu cəhdlər effekt verməyib, heç bir qüvvə xalq-iqtidar birliyini sarsıda bilməyib. Lakin bu dəfə deputatın səsləndirdiyi fikirlərin daha sonra özü tərəfindən təsdiq edilməsi heç kimdə şübhə yaratmadı ki, insanlar iradlarında haqlıdırlar. Dünən A.Şahverdiyevin özünün mətbuata açıqlama verərək üzr istəməsi, səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımağa hazır olduğunu bildirməsi, hesablanmamış çıxışı ilə xalqın heysiyyətinə toxunduğuna görə özünü günahkar hesab etməsi məsələnin başqa tərəfidir. Keçək əsas məsələyə...
Astan müəllim! Fikirlərinizdə bildirirsiniz ki, Biləsuvarda elektrik enerjisinə görə etiraz edənlər hakimiyyətdən narazı insanlardılar. Haşa! Nəzərinizə çatdırım ki, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərilib. Qaçqın və məcburi köçkünlərə həmişə geniş imtiyazlar verilib, dövlət başçısının tapşırığı ilə onlar mənzillərlə təmin olunublar, Qarabağdan köçkün düşən vətəndaşlarımızın rahat yaşaması üçün hündürmərtəbəli binalar tikilib və onların bütün kommunal problemləri də təxirəsalınmadan həll olunub. Eləcə də Biləsuvarda yaşayan cəbrayıllı qaçqın və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısını öz üzərlərində hiss edərək, ölkə Preizdentinə öz dəstəklərini ifadə ediblər. Axı bütün bunları siz daha yaxşı bilirsiniz! Necə deyərlər, kimlərisə zorla "narazı" etmək doğru deyil. Hadisələrə düzgün qiymət verməyi bacarmaq lazımdır. Belə olmayanda, bir neçə nəfərin elektrik enerjisinə görə etdiyi narazılığı guya "hakimiyyətdən narazılıq" kimi qiymətləndirib, heç bir məsuliyyət yükü olmayan fikirlər səsləndirməli olursan. Yəni öncə nə baş verdiyini dərk etmək lazım idi. Necə ki, müvafiq dövlət orqanları məsələnin mahiyyətini araşdırıb, narazı sakinlərin problemlərini dərhal həll etdilər.
Astan müəllim! Rusiyaya işləməyə gedənləri bu cəmiyyətin "otxodları" adlandırırsız. Bu fikirləri deyərkən, heç düşündünüzmü ki, Rusiyada yaşayıb orada ölkəmizi layiqincə təmsil edən minlərlə azərbaycanlı var. Ora işləməyə gedənləri "bazar adamı" kimi qiymətləndirmək necə? Rusiyada o qədər azərbaycanlı akademik, iş adamı, ictimai-siyasi xadimlər var ki, onlar təkcə orada deyil, bütün dünyada söz sahibləridirlər. Bu gün Rusiyada dünya şöhrətli azərbaycanlı Kərim Kərimovun adına təhsil müəssisələri var. O, Rusiyada yaşaya-yaşa öz xalqına da, bütün dünyaya da böyük töhfələr vermiş şəxsiyyətlərdəndir. Rusiyada işləməyə gedən vətəndaşlarımız var ki, orada qazandıqlarının bir hissəsini "azərbaycançılıq" ideologiyasının möhkəmlənməsinə sərf edirlər, gecə-gündüz milli-mənəvi dəyərlərimizi təbliğ edirlər, dünya azərbaycanlılarının vahid mərkəzdə birləşməsi üçün canlarından da keçirlər. Hər şeyə "bazar gözü" ilə baxmaq nə dərəcədə doğrudur!? Qısası, Astan müəllim, Rusiyaya gedən azərbaycanlıların hamısı göy-göyərti satmağa getmir. Lap getsə belə, göyərti satmaq cəmiyyətin "otxod"u olmaqdırsa, bu kökündən yanlış fikirlərdir. Millət hər şeyi ilə- fəhləsi, göyərti satanı, alimi, həkimi, ziyalısı, çilingəri, müəlliməsi, dülgəri, depuatı ilə millət olur.
Samir