Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Dünən Qubada təşkil olunan elmi-praktik konfrans da Əziz Əliyevin yubileyinə həsr olunmuşdur.
Konfransı giriş sözü ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor N.A.Qasımov açaraq qeyd edib ki, xalqımız öz şərəfli tarixini müşahidə edərkən Vətəninə, xalqına sadiq olan şəxsləri çox incəliklə və qayğı ilə yada salır: "Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi rolu var. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəltmişdir". N.Qasımov bildirib ki, o dövrdə institut öz fəaliyyətini genişləndirərək tək Azərbaycanın yox, bütün sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, Onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunmuşdur.
Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətinə də nəzər salan natiq istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bildiyini diqqətə çatdırıb.
Qeyd edib ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir: "Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzində dayanır. Artıq uzun illərdir institutumuzda Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransların keçirilməsi bir ənənə halı almışdır".
Sonra konfransda institutun əməkdaşları tibb elmləri doktoru T.Qafarov, dosent Z.Quliyeva çıxış edərək, Ə.Əliyevin dolğun və mənalı həyat yolundan, elmi-siyasi fəaliyyətindən danışdılar.
Oftalmologiya kafedrasının professoru Rasim Hacıyev, urologiya kafedrasının professoru Eldar Hüseynov, otorinolarinqologiya kafedrasının dosenti Akif Əfəndiyev, mamalıq və ginekologiya kafedrasının dosenti Mehman Həmzəyev, sosial gigiyena və səhiyyənin təşkili kafedrasının assistenti Famil Musayev, oftalmologiya kafedrasının rezidenti Gülxanim Məmmədova, onkologiya kafedrasının rezidenti Zülfiyyə İmamquliyeva təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etdilər.
Konfransda Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, Quba rayonunun tibb ictimaiyyəti nümayəndələri iştirak ediblər. Məruzələr maraqla dinlənildi, mövzular ətrafında diskussiyalar aparıldı.
NƏZAKƏT ƏLƏDDİNQIZI