PDF Oxu

Sosial

  • 937

Prezident Kitabxanasının "Müstəqil Azərbaycan" adlı elektron resursu yenilənib

Prezident Kitabxanasının "Müstəqil Azərbaycan" adlı elektron resursu yenilənib

Hər bir xalqın dövlətçilik tarixində elə dövrlər olur ki, həmin dövrlər tarixə dönüş nöqtəsi kimi daxil olur. XX əsrin əvvəllərində dünya dövlətləri cərgəsinə qoşulan Azərbaycanın cəmisi 23 ay sonra öz müstəqilliyini itirməsi və həmin əsrin sonlarında - 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşmasından keçən zaman kəsiyi, məhz belə dövrlərdəndir. Müstəqilliyin ilk illərində bəzi xarici dövlətlər Azərbaycanın daxili işlərinə müdaxilə edir, ölkədə xaos hökm sürür, tez-tez hakimiyyət çevrilişləri baş verir, qanunsuz silahlı dəstələr hakimiyyət strukturlarına tabe olmaqdan imtina edir, iqtisadiyyat sürətlə geriləyir, əhalinin sosial vəziyyəti günü-gündən ağırlaşırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin dövlət sükanının arxasına keçməsindən sonra əvvəlcə ölkədə anarxiyaya son qoyuldu, ardınca hüquqi dövlət quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Məhz Ulu Öndər Heydər Əliyevin titanik zəhməti sayəsində dövlətimiz dünya dövlətləri arasında öz layiqli yerini tutdu. 2003-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyev kursunu layiqincə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları son 25 ildə Azərbaycanın keçdiyi yolu işıqlandıran elektron resursu yeniləyərək, isifadəçilərin ixtiyarına təqdim etmişdir. "Müstəqil Azərbaycan" adlanan elektron resurs 8 fəsildən ibarətdir. Elektron resursun "Ümumi məlumat" adlanan birinci fəsli "Azərbaycan bu gün", "Müstəqilliyə qədərki tarixin qısa xülasəsi", "Dövlət müstəqilliyinin bərpası və qorunub-saxlanılması", "Dövlət hakimiyyəti", "Milli təhlükəsizliyin təminatı", "Hüquqi dövlət quruculuğu" və "Azərbaycan beynəlxalq arenada" adlanan bölmələrdən ibarətdir.

"Xronologiya" adlanan ikinci fəsli izləyən hər bir istifadəçi XX əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi bəlalar, Ermənistanın ölkəmizə ərazi iddiası və hərbi təcavüzü nəticəsində baş verən qanlı-qadalı hadisələr, müstəqilliyin ilk illərində meydana çıxan problemlər, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyası ilə həyata keçirdiyi tədbirlər nəticəsində yaranan sabitlik və dinc quruculuq illəri, ölkəmizi dinamik inkişaf yolu ilə irəli aparan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti haqqında xronoloji ardıclllıqla məlumat əldə edə biləcəkdir.

Elektron resursun "Sənədlər", "Sosial-iqtisadi inkişaf", "Tədbirlər", "Elektron resurslar" və "Biblioqrafiya" fəslində istifadəçilərə kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin, avtoreferatların biblioqrafiyası təqdim edilir. Sonda təqdim edilən "Fotoqalereya" bölməsi müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yolu fotoların dili ilə özündə əks etdirir.

Azərbaycan, rus və ingilis dillərində tərtib edilərək http://republic.preslib.az ünvanında yerləşdirilən "Müstəqil Azərbaycan" elektron resursu vaxtaşırı olaraq yenilənir.

Samir

Digər xəbərlər