PDF Oxu

Sosial

  • 774

2016-cı il Azərbaycan mətbuatı üçün uğurlu nailiyyətlərlə yadda qaldı

2016-cı il Azərbaycan mətbuatı üçün uğurlu nailiyyətlərlə yadda qaldı

Bir neçə gündən sonra 2016-cı il başa çatır, 2017-ci il dünyamıza qədəm qoyur. Təbi ki, həyatımızın bütün sahələrində olduğu kimi, mətbu sahəsində də yadda qalan uğurlu nailiyyətlərimiz olub. Dövlət tərəfindən mətbuatın inkişafı üçün bir çox addımlar atıldı. Bu, istər redaksiyaların maddi-texniki bazasının möhkəmlənməsində, istərsə də jurnalistlərin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılmasında özünü göstərdi. Elə bəzi jurnalist təşkilatlarının rəhbərləri və baş redaktorlarla da söhbətimizdə onlar 2016-cı ilin mətbuat üçün uğurlu olduğunu və bu uğurların 2017-ci ildə də davam edəcəyinə inandıqlarını söylədilər .

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:

- Bildiyimiz kimi, 2016-cı il qlobal maliyyə-iqtisadi böhranı ilə xarakterizə olundu. Bu, media sahəsinə də təsirsiz ötüşmədi. Hətta məşhur transmilli KİV-lərdən bir qismi özlərinin ştat vahidlərində, dövriyyələrində ixtisarlar etmək məcburiyyətində qaldılar. Azərbaycan mediasının ən böyük uğuru bu oldu ki, 2016-cı ilin qlobal maliyyə-iqtisadi böhranından itkisiz çıxmağı bacardı. Hər hansı media qurumu maliyyə səbəbindən öz fəaliyyətini dayandırmadı, gündəmdən çıxmadı. Bu, həm də Azərbaycan dövlətinin KİV-lərə ciddi yardımı nəticəsində mümkün oldu. Azərbaycan yeganə ölkələrdəndir ki, burada "KİV-in inkişafı üçün dövlət konsepsiyası" qəbul edilib, həmçinin, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət götərir. 2016-cı ildə həm KİVDF vasitəsilə KİV-lərə maliyyə yardmı ayrıldı, həm də Prezident İlham Əliyevin Sərəncamı ilə KİV-lərə birbaşa maliyyə yardımı göstərildi ki, bu da milli KİV qurumlarının qlobal maliyyə böhranından yan keçməsinə şərait yaratdı. Qısa olaraq, 2016-cı ili Azərbaycan KİV-i üçün sabit il kimi dəyərləndirmək mümkündür.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- 2016-cı il Azərbaycan mətbuatı üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Yəni mətbuat özünün sınaq dövrünü yaşadı. Xüsusilə də, Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə və aprel döyüşləri ilə bağlı. Mediamız bu proseslərdə aktiv mövqe nümayiş etdirdi və əsl vətənpərvərlik mövqeyi ortaya qoydu. 2016-cı il, bütövlükdə medianın peşəkarlığının yüksəldilməsi istiqamətində əhəmiyyətli və önəmli hadisələrin baş verdiyi bir dövr oldu. Bu baxımdan, gələn il üçün gözləntilərimiz çoxdur. 2017-ci ildən gözləntimiz təbii ki, Azərbaycan dövlətinin daha da inkişaf etməsidir. Çünki ölkəmiz nə qədər çox inkişaf edərsə, Azərbaycan mətbuatı da bir o qədər də inkişaf edər. Buna görə də, 2017-ci ilin ölkə mətbuatı üçün uğurlu və düşərli illərdən olmasını arzu edirik.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:

- 2016-cı il mətbuatın inkişafı üçün uğurlu və yaddaqalan illərdən oldu. Əvvəlki illərdə olduğu kimi, bu il də dövlətimiz mətbuatın inkişafı üçün öz dəstəyini əsirgəmədi. Azərbaycan Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə bir sıra redaksiyaların təqdim etdikləri layihələrin icrası üçün maliyyə yardımları ayrıldı, fərdi jurnalist yazılarının qalibləri mükafatlandırıldı. Bu uğurların 2017-ci ildə də davam edəcəyi şübhəsizdir. Çünki dövlətin bu sahəyə qayğısı davamlıdır.

GÜLYANƏ

Digər xəbərlər