PDF Oxu

Sosial

  • 1 522

Tanınmış ədəbiyyatşünas-alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib

Tanınmış ədəbiyyatşünas-alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib

Dünən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin təşkilatçılığı ilə görkəmli Azərbaycan ədəbiyyatşünası və pedaqoqu, professor Əli Sultanlının anadan olmasının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib. Öncə Ədəbiyyat İnstitutunda Elektron oxu zalının açılışı olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, ədəbiyyatşünaslığın inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Qərbi Avropa ədəbiyyatının tədqiqi, tədrisi və nəşri sahəsində əvəzsiz xidmətləri olan professor Ə.Sultanlı xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir.

Akademik İ.Həbibbəyli qeyd edib ki, görkəmli alimin yaradıcılığında əsas yeri "Azərbaycan dramaturgiyasının inkişaf yolları" əsəri tutur: "Alim bu əsərdə ilk dəfə Azərbaycan dramaturgiyasının elmi tarixini yazıb. Ayrı-ayrı icmal və oçerk şəklində yazılmış əsər bu gün də Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindəndir."

AMEA-nın vitse-prezidenti Əli Sultanlının uzun müddət Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) fəaliyyət göstərdiyini, Azərbaycan dramaturgiyasının tədqiqatçısı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin təbliğatçısı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ə.Sultanlının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, SSRİ Ali Sovetinin Fərmanı ilə, Əmək igidliyinə görə medalı ilə təltif edilib.

Daha sonra institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Zaman Əsgərlinin "Əli Sultanlının həyat və yaradıcılığı", Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı Leyla Ramazanovanın "Əli Sultanlının müqayisəli ədəbiyyatşünaslıqda xidmətləri" mövzusunda məruzələri dinlənilib.

ZÜMRÜD

Digər xəbərlər