Özbəkistanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib. İlin yekunları ilə əlaqədar iki ölkə arasında dostluğun möhkəmlənməsi, Azərbaycan mədəniyyətinin, turizminin fəal təbliğatçıları Azərbaycan səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin xüsusi mükafatlarına layiq görülüblər.
2013-cü ildən özbək mətbuatında Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsi elan olunur və hər il müsabiqəyə təqdim olunan məqalələr xüsusi mükafata layiq görülüb.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları bayram münasibəti ilə təbrik edib, iki ölkə arasında dostluq əlaqələrinin inkişafından danışıb. Səfir müsabiqəyə bir neçə nominasiyalar üzrə özbək mətbuatında dərc olunan məqalələrin təqdim olunduğunu, mədəniyyət, mətbuat və ictimaiyyət arasında tanınmış, nüfuzlu şəxslərdən ibarət müsabiqənin münsiflər heyətinin məqalələrə baxaraq, ona yekun qiymət verdiyini qeyd edib.
Tədbirdə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Azərbaycanda turizm nominasiyası üzrə "Şəki Azərbaycanın qədim diyarı, tarixi-memarlıq qoruğudur" adlı məqalənin müəllifi Özbəkistanın "kultura.uz" saytının baş redaktoru jurnalist Boris Babayevə, ikinci mükafat Naxçıvanın qədim tarixi haqqında yazılmış məqalənin müəllifi jurnalist Sabanina Yuliya Vladimirovnaya, üçüncü mükafat isə Azərbaycanın sağlamlıq turizmi haqqında məqaləsinə görə jurnalist Luiza Maxmudovaya təqdim edilibdir.
"Multikultiralizmin və tolerantlığın Azərbaycan modeli" nominasiyası üzrə birinci mükafat "uzbekistan today" jurnalının baş redaktoru, jurnalist Dilbar Babacanovaya təqdim edilib. Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, tarixçi-alim Erkin Nuriddinov isə "Azərbaycan multikultiralizm ənənələrinin inkişafı yolunda parlayan simvoldur" adlı məqaləsinə görə Münsiflər Heyətinin xüsusi mükafatına layiq görülüb. Özbək mətbuatında 2016-cı ildə Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan-sayt nominasiyasında "tnews.uz", aparıcı siyasi-analitik xəbər saytları "kun.uz" və "sharh.uz"-a mükafatlar təqdim edilib.
Mükafatlandırmada 2016-cı ilin Azərbaycanla bağlı nəşr olunmuş ən yaxşı kitab nominasiyasına görə özbək tarixçi - araşdırmaçı Şuxrat Salamovun "Karabax: Voyna idey" kitabı və filoloq Saodat Muxammadovanın "Müasir Azərbaycan və özbək ədəbiyyatının xüsusiyyətləri" kitabları layiq görülüb.
Azərbaycan və Özbəkistanın xalq artisti, tanınmış opera rejissoru Firudin Səfərov, azərbaycanlı kinorejissor, operator Eldar Məmmədov ilin ən fəal azərbaycanlıları kimi təltif ediliblər.
Çıxış edən jurnalistlər və soydaşlarımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, Azərbaycan səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürlərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
NƏZAKƏT