Qubada 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə "Quba Yay" Şadlıq Sarayında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətinə nəzər salıb: "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini və təşkilatlanması məsələlərini daim diqqət mərkəzində saxlayır, xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirir, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verirdi. Bu gün Onun siyasəti möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycan xalqının milli bayramına çevrildiyini bildirib. Qeyd edib ki, bayramın əsas qayəsi azərbaycanlıların birliyi, milli-mənəvi dəyərlərə hörmət, Azərbaycan xalqına məxsusluq və tarixi Vətənə bağlılıq hissini təşviq etməkdir: "Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr gününün dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin əziz bayramı kimi qeyd edilməyə başlanması xalqımızın milli amallar uğrunda birləşməsi hərəkatının təməlini qoymuşdur".
Rayon təşkilatının sədri vurğulayıb ki, bu gün hər bir soydaşımız dünyanın harasında yaşamasından asılı olmayaraq, inkişaf etmiş ölkələr sırasına çıxmaq üçün son 13 il ərzində nəhəng və sürətli inkişaf yolu keçmiş, dünyanın siyasi, iqtisadi və humanitar həyatında fəal rol oynayan müstəqil Azərbaycan dövlətinin uğurlarından qürurlanır və fəxr edirlər ki, azərbaycanlıdırlar.
Çıxışların sonunda bir qrup rayon fəalları fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib. Tədbirdə Aşıq Əhliman və Aşıq Haşım tədbir iştirakçılarını sazla və sözlə təbrik ediblər.
Nəzakət ƏLƏDDİNQIZI