Bu gün Dünya Azərbaycanlıları Həmrəylik Gününü böyük qürur və fəxarətlə qeyd edirlər
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək, bir məslək, ideya ətrafında birləşdirmək, əlbəttə ki, azərbaycançılıq məfkurəsindən yaranan amaldır. Müstəqillik əldə etmiş Azərbaycanda bu ideya əsas prioritetlərdən biri elan edilərək, bu istiqamətdə ardıcıl işlər görülməyə başlandı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bütün azərbaycanlılar bu gün fəxr və qürurla qeyd edirlər.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Əlbəttə ki, dünya azərbaycanlılarının vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub-saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində mühüm addımlar atıldı. Dünya azərbaycanlılarının siyasi və ideoloji birliyi əsas məsələ olaraq qarşıya qoyulduğundan Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı.
Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Qurultay Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Heydər Əliyev qurultayın məqsədinə, qarşıya qoyulan məsələlərə aydınlıq gətirərək bildirmişdi ki, hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın: "Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır".
AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI HƏM KƏMİYYƏT, HƏM KEYFİYYƏT BAXIMINDAN GÜCLƏNMİŞDİ
Qurultayın tarixi əhəmiyyətinə nəzər salarkən, onu da qeyd etməliyik ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması ideyası da bu qurultaydan qaynaqlanıb. Heydər Əliyev çıxışında belə demişdir:"...biz dövlətimizin tərkibində Azərbaycan diasporu ilə iş üçün xüsusi bir orqanın yaradılması haqqında da qərar qəbul edəcəyik. Güman edirəm ki, belə mərkəzləşmiş bir orqan, yəni Azərbaycan icmaları ilə daim əlaqə saxlayan orqan həm icmaların və ümumiyyətlə, Azərbaycan diasporunun formalaşmasına, həm də bizim əlaqələrimizin daha da inkişafına xidmət edəcəkdir". Bir il sonra 5 iyul 2002-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman tarixi hadisəyə çevrildi. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Bu tarixi dövr ərizində görülən işlərin miqyası ildən-ilə artmışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, bu gün 450-dən çox diaspora təşkilatı dünya ölkələrində Azərbaycanın maraqlarına xidmət edir. Xarici ölkələrdə 92 diplomatik nümayəndəliyin, 60 səfirliyin olması Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmasında, Vətənin səsinin dünyanın istənilən qitəsindən eşidilməsində rolu danılmazdır.
Bu gün əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldı. Azərbaycan diasporu təşkilatlanaraq ölkəmizin milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrilib. Azərbaycan diasporunun məskunlaşma coğrafiyasının miqyası sonsuzdur. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi-iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub-saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da, məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Azərbaycanlılar yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrdə öz qüvvələrini səfərbər etməklə dünyanın sivil nöqtələrində Azərbaycan naminə səslərini ucaldırlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Sözsüz ki, bu qədər sayda həmvətimizin xarici ölkələrdə məskunlaşması Azərbaycan həqiqətləri ilə bağlı reallıqların geniş bir şəkildə diqqətə çatdırılmasında rola malikdir.
Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi diaspor siyasəti uğurlarla nəticələnir. Belə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlərin sayına görə Azərbaycan Avropa ölkələrinin önündədir. Avropa ölkələrində Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi, ölkəmizin müasir inkişaf səviyyəsi və mövcud turizm potensialı, həmçinin, əldə etdiyi nailiyyətlər, qarşılaşdığı müxtəlif problemlər, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Avropa ictimaiyyətinin məlumatlandırılması işinə xüsusi diqqət yetirilir. Azərbaycan diaspor təşkilatları Avropanın müxtəlif ölkələrində erməni diasporu və lobbisinin təşkil etdiyi anti-təbliğat kampaniyalarının qarşısının alınması və ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşdırılması üçün müxtəlif formatlı tədbirlər və layihələr həyata keçirir.
BİRLİYİN VƏ HƏMRƏYLİYİN NÜMAYİŞİ
Dünya Azərbaycanlılarının 4-cü Qurultayı da ölkəmizin tarixinə iftixar gətirəcək hadisələrdən biri kimi yazıldı. Çünki dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycana, doğma Vətənə gəldilər. Bu birliyin və həmrəyliyin nümayişi idi. Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq" - deyərək, birliyin əsas məsələlərdən olduğunu diqqtə çatdırmışdır: "Xüsusilə, nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".
Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycan həqiqətləri haqqında dünya ictimaiyyətinə geniş informasiya verilməsinin vacibliyini diqqətə çəkərək hazırda bizim 92 diplomatik nümayəndəliyimizin, 60 səfirliyimizin olduğunu bildirib. "Ümumiyyətlə, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə, - Ermənistandan başqa, - heç bir problemimiz yoxdur" - deyən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırıldığını vurğulayıb. Azərbaycan Prezidenti zəif tərəflərimizə də nəzər salaraq xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır: "İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu, əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq. Bu, qəbuledilməzdir. Ancaq hesab edirəm ki, Azərbaycan diaspor təşkilatları bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər. Bizim xarici mediaya çıxışımız çox məhduddur".
Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporunun uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya apardığını və bu kampaniyanın tərkib hissəsinin Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etmək məqsədi daşıdığını bildirib: "Azərbaycanda bu illər ərzində diaspor təşkilatları ilə qurulan iş yeni bir mərhələyə gəlib çatıb. Bu gün dünyanın müxtəlif yerlərində tədbirlər keçirilir, dünya ictimaiyyəti Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış ola bilirlər". Bəli, inanırıq ki, beynəlxalq aləmdəki Azərbaycan diasporunun fəaliyyəti bu qurultaydan sonra daha sürətlə canlanacaq.
Bu gün ölkəmizdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması, deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir.
NƏZAKƏT ƏLƏDDİNQIZI