PDF Oxu

Sosial

  • 4 408

Horadiz əməliyyatından 23 il ötür

Horadiz əməliyyatından 23 il ötür

Azərbaycan Ordusunun əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizlənib

Füzuli rayonunun Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsindən artıq 23 il ötür. 1994-cü il yanvarın 5-də Qarabağda Ermənistanın işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini erməni işğalından azad edərək, bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini nəzarət altına almışlar.

Qeyd edək ki, 1993-cü ilin avqust ayında cəbhənin bütün istiqamətlərində əks-hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb, Füzuli şəhərini işğal etmişlər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəliləyərək, regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsini ələ keçirmişdir. Bununla da, Əhmədbəyli kəndi istiqamətində "Dörd yol" deyilən əraziyə çıxan düşmən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalına zəmin yaratmışdır. O zaman Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Ulu Öndər Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etmiş, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə əraziyə Azərbaycan Ordusunun əlavə qüvvələri dislokasiya olunmuş, noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırılmışdır. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Araz boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks-hücum təşkil etmişdir. Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində, 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edilmişdir. Çiçəkli dağı və başqa strateji yüksəkliklər ələ keçirilmiş, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alınmışdır.

Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi bu ciddi uğurlar, nəinki Ermənistanı, həmçinin, onu müdafiə edən qüvvələri də təşvişə salmışdır. Ermənistanın himayəçilərinin hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti daha da gücləndirilmişdir. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində cəbhədə atəşkəsə nail olunmuşdur.

Horadizin işğaldan azad olunmasından 23 il ötür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi ziyan görən Horadiz şəhərinin yenidən qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin həyata keçirilməsi istiqamətində son illərdə bir çox mühüm işlər görülüb. Şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müharibə zamanı dağıntılara məruz qalan şəhərdə quruculuq işləri geniş vüsət alıb, yeni evlər tikilib. Bu sırada 227 evin və çoxmənzilli 3 binanın bərpa işlərindən sonra istifadəyə verilməsi də mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misaldır. Bundan əlavə, "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən dövlət başçısının fəaliyyətinin real nəticələridir. Bu layihələr Azərbaycan dövlətinin, ilk növbədə, cəbhə xəttində yaşayan vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.

Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 ev və çoxmənzilli 3 bina yüksək keyfiyyətlə və müasir tikinti normaları nəzərə alınmaqla, həyata keçirilən inşaat işləri zamanı tam bərpa edilib. Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub, insanların rahat və maneəsiz yaşamaları üçün hər cür imkanlar yaradılıb. Ötən müddətdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Füzuli rayonuna göstərilən dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, 70 minə yaxın əhali rayon ərazisinə qayıdıb.

Prezident İlham Əliyev Füzuliyə dəfələrlə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar imzalayıb. Bu dövrdə geniş tikinti-quruculuq və bərpa işləri aparılan Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilib. Bütün bunlar da bir daha göstərir ki, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti çətin sınaqlardan çıxan soydaşlarımızda sabaha ümid yaradıb, dövlət başçısının hər zaman onların yanında olduğunu təsdiqləyib. İnsanlar da dövlət başçısının ideyaları ətrafında sıx birləşməyi bacarıblar.

Azərbaycan Respublikasının hər bir vətəndaşı erməni işğalı altında olan digər ərazilərimizi də azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir. Azərbaycan bu gün çox güclüdür və güclü ordusu var. Ölkəmizdə aparılan siyasət bunu deməyə əsas verir ki, Azərbaycan öz torpaqlarında suveren hüquqlarını yaxın zamanda bərpa edəcək.

NƏZAKƏT

Digər xəbərlər