Arzu Nağıyev: "Cəbhədə baş verənlər aprel döyüşləri kimi bir döyüş idi"
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərilən səylər Sarkisyan rejiminin qeyri-konstruktiv siyasəti səbəbindən hələ də həll olunmamış qalır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin susqunluq nümayiş etdirmələri və işğalçıya qarşı beynəlxalq hüquq normalarına əsaslanan mövqe ortaya qoymamaları artıq Azərbaycanı ərazi bütövlüyünü bərpa etmək üçün sərt addımlar atmağa məcbur edir. Bəzi siyasi şərhçilər 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlərin olacağını bildirirlər. Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi öz həllini tapana qədər Azərbaycanın ən prioritet problemi olaraq qalacağını qeyd etdi: "İşğalçılar və terror təşkilatlarının nümayəndələri Azərbaycan torpaqlarından qovulana və suverenliyimiz bərpa olana qədər bu məsələ gündəmdədir. Təbii ki, 2017-ci ildə də bu proses davam etdiriləcək. Buna nail olmaq üçün həm siyasi, həm də hərbi yollardan, diplomatik danışıqlardan, beynəlxalq təşkilatların, o cümlədən, BMT, ATƏT və s. imkanlarından da geniş istifadə ediləcəkdir. 2016-cı ildə bu sahələrdə müəyyən irəliləyişlər əldə edildi, lakin bu, hələ son demək deyil, sonuncu işğalçı ərazilərimizi tərk edənə qədər bu istiqamətdə görülən işlər davam etdirilməlidir".
"Yeni il ərəfəsi cəbhədə az qala aprel döyüşlərinin təkrarı baş verdi. Bu növbəti erməni təxribatı ola bilərmi" sualına cavab olaraq, politoloq bildirdi ki, baş verənlər aprel döyüşləri kimi bir döyüş idi: "Bu, demək olar ki, mütəmadi olaraq, baş verən erməni təxribatına qarşı cavab tədbirlərindən biri idi. Təbii ki, aprel hadisələrində özləri haqqında yaratdıqları saxta mifin Azərbaycan Ordusu tərəfindən sındırılmasını ermənilər hələ də həzm edə bilmirlər. Buna görə də, artıq sərhəd rayonlarında təxribatlara əl ataraq, KTMT-nin üzvü olduqlarını gündəmə gətirməyə çalışırlar. Təbii ki, üzv dövlətlərin Azərbaycana olan münasibətləri və bu qurumun öz içərisində olan narazılıqlar da ermənilərin əleyhinə işləyən faktordur. Məhz buna görə də, istənilən təxribatın qarşısı alınır və ermənilərin əsas məqsədinin nəyin bahasına olursa-olsun, münaqişədə status-kvonun saxlanması olduğu artıq hamıya məlumdur".
GÜLYANƏ