PDF Oxu

Sosial

  • 707

Hikmət Babaoğlu: "Həyata keçirilən islahatlar Azərbaycanın daha da yüksək inkişafına gətirib çıxaracaq"

Hikmət Babaoğlu: "Həyata keçirilən islahatlar Azərbaycanın daha da yüksək inkişafına gətirib çıxaracaq"

"Bir çox məsələlərin həlli baxımından 2016-cı il Azərbaycan üçün çox əlamətdar oldu. Əslində, 2016-cı il, bütövlükdə 2001-ci ildən sonra dünya miqyasında, qlobal müstəvidə, beynəlxalq münasibətlər sistemində baş verən 15 illik hadisələrin yekunu kimi yadda qaldı. Bu proseslərin məntiqi nəticəsi olaraq dünyada qlobal iqtisadi böhranın, beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların funksionallığını itirməsinin şahidi olduq. Ötən il 2001-ci ildən başlayan və "Ərəb baharı" adlandırılan hadisələrin dönüş nöqtəsi kimi, eləcə də, beynəlxalq münasibətlər sistemində yeni regional mərkəzlərin, güc mərkəzlərinin və çoxqütblü dünyanın yaranmasına ümidlərin cücərməsi ilə yadda qaldı". Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Millət vəkili qeyd edib ki, ötən il, əsasən, iqtisadi islahatlar ili, eləcə də, konstitusiya islahlatlarının, həmçinin idarəetmədə, pul-maliyyə sektorunda islahatlar ili kimi yadda qaldı: "Bunların hamısı deməyə əsas verir ki, bütövlükdə 2016-cı il Azərbaycanda kompleks islahatlar ili və gələcəkdə Azərbaycanın iqtisadi inkişafını təmin edəcək hüquqi bazanın yaradılması ili oldu". Baş redaktorun fikrincə, 2016-cı il Azərbaycan üçün bir sıra hadisələrlə əlamərdar olub: "Ötən il Azərbaycanın idman həyatında da əlamətdar oldu. Ölkədə "Formula-1" yarışları keçirildi, idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar əldə etdilər.

2016-cı ilin ən yaddaqalan hadisələrindən biri aprelin 1-dən 4-dək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında qoşunların təmas xəttində baş verən döyüşlər oldu. Bu hadisələr Azərbaycan Ordusunun bəlkə də miqyası etibarilə kiçik, amma mənəvi və hərbi-prixoloji baxımdan çox böyük qələbəsı ilə, Talışda və Lələ Təpə yüksəkliklərindəki uğuru ilə yadda qaldı. Şübhəsiz ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də yeni bir şərt və mərhələ formalaşdırdı. Bu, Azərbaycanın hərbi-siyasi gücünün göstəricisi idi".

Ötən il Azərbaycanda "Bakı prosesi" adlandırılan 5-cı Beynəlxalq Humanitar Forumun keçirildiyini xatırladan Hikmət Babaoğlu onu da bildirib ki,, bu platforma bir daha göstərdi ki, Azərbaycan Respublikası və onun həyata keçirdiyi siyasət regionda əməkdaşlığa və tərəfdaşlığa xidmət edir: "Burada "humanitar Davos" adlandırılan platformada bir daha dünyadakı mövcud problemlər və onların həlli yolları təcrübəli dövlət, ictmai və elm xadimlərinin iştirakı ilə müzakirə edildi. Bu, həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya ismarıc verdi ki, mövcud problemlər, əslində, həllolunandır və əgər cəhd edilərsə, buna müxtəlif vasitələrlə nail olmaq mümkündür."

Hikmət Babaoğlu qeyd edib ki, ötən il, həmçinin, Milli Məclisdə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni, elmi, sosial həyatını, müxtəlif sektorları tənzimləyəcək çoxsaylı qanunlar qəbul edildi. Onun sözlərinə görə, 2016-cı il Azərbaycan mediası üçün də əlamətdar oldu. Çünki mediamız cəbhədə 1994-cü ilin atəşkəsindən sonra ilk dəfə qələbə xəbərini verə bildi. "Arzu edirəm ki, Azərbaycan mediası növbəti illərdə də bu cür xəbərləri yaymaq şansı əldə etsin. Konstitusiyada aparılan dəyişikliklər zamanı bir daha söz və mətbuat, insan azadlıqlarının qorunması ilə bağlı məsələlərin təkmilləşdirilməsinin şahidi olduq. Eyni zamanda, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi konstitusion əsaslar yaradıldı. Hazırkı mərhələdə ən başlıca problemlərdən olan təhlükəsizlik məsələsinin konstitusiyada yeni şərtlərə uyğun nizamlanması həyata keçirilən konstitusion islahatların əsas komponentlərindən biridir." Millət vəkili əlavə edib ki, 2016-cı ildə Azərbaycanda iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi islahatlar aparıldı, regional sənaye mərkəzlərinin yaradılması ilə bağlı investisiyalar qoyuldu. Azərbaycanda ilk dəfə olaraq farmasevtika, dərman istehsalı ilə bağlı addımlar atıldı. O cümlədən, adını çəkmədiyimiz digər məsələlər 2016-cı ilin əlamətdar il olduğunu söyləməyə əsas verir.

Hikmət Babaoğlunun fikrincə, atılan bütün bu addımlar və həyata keçirilən islahatlar 2017-ci il və ondan sonrakı mərhələyə hesablanıb. O, qeyd edib ki, bu islahatların nəticəsi 2017-2018-ci illərdən sonra özünü göstərəcək: "2017-ci il Azərbaycanda iqtisadi sabitləşmə ili kimi yadda qalacaq, 2018-ci ildən etibarən isə, ölkədə ciddi iqtisadi artım müşahidə olunacaq və bu da əsas etibarilə qeyri-neft sektorunun inkişafı hesabına baş verəcək. Çünki bu islahatlar istər idarəetmədə, istərsə də iqtisadiyyatda, mövcud reallıqlar nəzərə alınmaqla, həyata keçirilir və növbəti illərdə iqtisadi inkişaf üçün çox ciddi zəmin yaradacaq. Biz bilirik ki, hətta ən bədbin proqnozlara görə belə, Azərbaycanda iqtisadiyyatın 1 faiz artması gözlənilir. Bu, çox ciddi məqamdır. Əgər mövcud beynəlxalq iqtisadi şərtləri nəzərə alsaq, bütün bunlar növbəti mərhələdə Azərbaycanın daha da yüksək inkişafına gətirib çıxaracaq".

Digər xəbərlər