"Sarkisyan məni qızıl medalla təltif etdi, lakin medalın təmizlənməsi zamanı məlum oldu ki, medal dəmirdən hazırlanıb"
Ermənistan prezidenti Serj Sarkisyanın cinayətkar əməlləri zaman-zaman elə ermənilərin özləri tərəfindən də tənqid olunub, ona qarşı olan nifrət ən pik həddə çatıb. Daim uşaqları, qocaları öldürdüyünə, qızları əxlaqsız yola sövq etdiyinə görə, qürur hissi keçirdiyini deyən Sarkisyanın Qarabağ müharibəsi ilə bağlı xatirələri bunu deməyə əsas verir ki, bu adam əsl vəhşidir, terrorçudur. Erməni yazıçısı Anna Payatyan Sarkisyana nifrət etdiyini bildirərək Xocalı soqyırımını törədənləri açıq şəkildə ittiham edib. Hər kəs kimi A.Payatyan da gözəl anlayır ki, Xocalı soyqırımını törədənlər, uşaqları, qocaları, qadınları vəhşicəsinə qətlə yetirənlər bu gün Ermənistanda iqtidardadırlar və başlarında da Sarkisyan dayanır. A.Payatyan sosial şəbəkələrdə paylaşdığı statusunda yazır: "Kimlər ki, Njdeylədir, onlar Allaha qarşıdır, kimlər ki, Serj Sarkisyanladır-onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət və qatil olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır. Xocalıda soyqırımı olub! Və bunun üçün quldurlar cavab verməlidir-Njde tərəfdarları. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazqen Sarkisyan, Robert Koçaryan, Serj Sarkisyan, Arabo qrupu... Onların hamısı uşaqların və qadınların qatilləridir!".
Yazıçı A.Payatyan Xocalı soyqırımı haqqında S.Sarkisyanın vəhşiliyini, cinayətkar olduğunu etiraf edən, abırsız bəyanatını da xatırladıb: "Serj Sarkisyanın hədsiz sırtıq və abırsız bəyanatını Sizə və dünyaya təqdim edirəm: "Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq". Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu Njde əclafları bizim xalqımızın adına qara ləkə vurdular!!!".
Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri, yazıçı Lyubik Çibuxçyan (bu adam bir müddət bundan öncə, siyasi sığınacaq almaq üçün Azərbyacana müraciət edcəyini bildirmişdi) Sarkisyan hökumətinin onun başına gətirdikləri haqqında "Aravot" qəzetində belə yazırdı: "Sarkisyan məni əməkdar incəsənət xadimi kimi qızıl medalla təltif edib. Lakin medalın təmizlənməsi zamanı məlum olub ki, medal dəmirdən hazırlanıb. Ermənistanda həya yalnız bir insanda var-məndə. Buna görə mən sizinlə bir millətdən olduğuma görə utanıram. Məni 108 dram dilənçi maaşından Sarkisyan məhrum etdi. Mən başa düşürəm ki, Qarabağda baş verənlərdə əsas günahkar Sarkisyandır, onu bu vəzifəyə gətirənlərdir. O, əsl qatildir. Türkü, müsəlmanı öldürməklə öyünən biri insan adını daşıya bilməz. İnanıram ki, Sarkisyanın dərsi elə sağlığında veriləcəkdir".
Rusiyada yaşayan gənc erməni yazıçı Gevorq Ghazaryan Sarkisyanın prezidentliyi altında bir gün belə yaşamağı özünə rəva bilmədiyini bildirib. Bu həmin Gevorq Ghazaryandır ki, Bakı haqqında kitab da yazmışdı. Məsələ bundadır ki, Ermənistanın ağlı başında olan insanları başa düşür ki, Sarkisyan qatildir və onunla eyni ölkədə yaşamaq hər an təhlükədir. 2016-cı il ərzində 60 min insan Ermənistanı tərk edib. Bunların içərisində yazıçılar, elm adamları, tanınmış ictimai xadimlər də az deyildir. Ümumiyyətlə, erməni yazıçılarının Sarkisyanı ittiham etməsi heç də əsassız deyildir, bir neçə ay bundan öncə, Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyanın Xocalı abidəsini ziyarət etməsi bunun göstəricisidir. Ağlı başında olan, həqiqəti görmək istəyən ermənilər Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər və öz əsərlərində erməni vandalizmini bütün çılpaqlığı ilə təsvir edirlər.
Samir